Sadıq Sadıqov "Heç kimin fikrinə ehtiyacımız yoxdur"

Super Kubok oyununda "Xəzər Lənkəran"a məğlub olan "Netçi"nin məşqçilər korpusu istefaya göndərildi. Bundan sonra məşqçilər sükutu qoruyurdu. Ancaq "İnterAz" televiziyasının qonağı olan Tərlan Əhmədov "Neftçi" haqda şok sayılacaq açıqlama verib. T.Əhmədov bildirib ki, onu "Neftçi"yə klubun prezidenti Sadıq Sadıqov yox, PFL prezidenti Ramin Musayev gətirib. Siasport.az saytı xəbər verir ki, elə bu səbəbdən Stadium.az-ın əməkdaşları "Neftçi"nin prezidenti S.Sadıqovla əlaqə saxlayıblar. Hacı olan klub prezidenti bu məsələyə təmkinini pozmadan, çox səbrlə cavab verib: "Tərlan Əhmədovun "İnterAz" televiziyasındakı müsahibəsini gördüm. Çox məyus oldum, çünki buna inanmaq bir qədər çətindir. Özünü haqq və ədalət tərafdarı kimi göstərən bir Hacı qardaşımızın bu dərəcədə böhtan və qiybətinə inanmaq istəmədim. Ancaq görüntülər haqqdır, bu sözləri məhz Tərlan deyib. Tək Allah şahiddir ki, onu "Neftçi"yə kim gətirib. Tərlan Hacıdır, haqsız danışmamalıdır. "Neftçi"nin prezidenti Ramin Musayev yox, Sadıq Sadıqovdur. "Neftçi"yə gələn bütün işçiləri özümüz seçirik, heç kimin də fikrinə ehtiyacımız yoxdur. Şükür olsun Allaha ki, ağlımız başımızdadır. İndi baş məşqçimiz olan Nazim Süleymanov da, ondan əvvəlki Böyükağa Hacıyev də, Hacıyevin köməkçisi Tərlan Əhmədov da məhz mənim istəyimlə "Neftçi"yə gəlib. Tərlanı məhz ona görə seçmişdim ki, mömin insan idi, xasiyyəti mənə uyğun gəlirdi. Bu məhərrəmlik ayında kiminsə haqqını yemək, onun barəsində yalan danışmaq böyük günahdır. Qurani Kərimdə də buyrulur ki, qiybət etmək olmaz. Tərlan bir Hacı, mömin qardaş kimi haqsız danışmamalıydı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31