Velosiped idmanının inkişafına həsr olunmuş dəyirmi masa keçirilib
7 Noyabr 2013 17:29 İdmanNoyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda velosipedçilər hərəkatının inkişafına həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nəqliyyat, Təhsil, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Yol Polisinin nümayəndələri, ekspertlər və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən GİN-nin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qələmşah Sadıxov bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı problemləri, ekoloji baxımdan çox önəmli nəqliyyat vasitəsi hesab olunan velosipedin ölkəmizdə populyarlaşdırılması istiqamətində görülə biləcək işləri müzakirə etməkdir.
Q.Sadıxov Elmi Araşdırmalar Mərkəzi tərəfindən bu məqsədlə Azərbaycanda velosiped idmanının inkişaf konsepsiyasının hazırlandığını bildirmişdir. Konsepsiyada dünya ölkələrindəki mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə velosiped hərəkatının inkişafı üçün görülən işlərin təhlili aparılmış, ümumiləşdirilmiş və ölkəmizin coğrafi xüsusiyyətlərinə uyğunlaşdırılmış yeni yanaşma təklif edilmişdir. Q.Sadıxov sənədin müvafiq dövlət qurumlarının, eləcə də velosiped idmanının inkiçafı məsələləri ilə birbaşa məşğul olan Azərbaycan Velosiped İdmanı Federasiyasının müzakirəsinə verildiyini bildirmişdir.
Çıxışına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə ay əvvəl İsmayıllı rayonuna səfəri zamanı velosiped idmanının əvvəllər ölkəmizdə o qədər də geniş yayılmadığı, lakin həm gözəl idman növü, həm də nəqliyyat vasitəsi olması barədəki fikirlərini xatırlatmaqla başlayan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bu idmanın son dövrlərdə ölkəmizdə yüksəliş dövrünü yaşadığını bildirmişdir. O qeyd etmişdir ki, cənab Fazil Məmmədov Velosiped İdmanı Federasiyasının Prezidenti seçildikdən sonra ötən iki il ərzində bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi, idmanın bu növünün maddi-texniki təchizatının yaxşılaşdırılması, habelə velosiped idmanının yeniyetmə və gənclər arasında geniş təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. 2012-ci ildə 23 yaşınadək gənclər arasında, bu ilin may ayında isə peşəkar velosipedçilər arasında ilk dəfə "Tour d`Azerbaidjan" beynəlxalq veloturlarının, habelə bölgələrimizdə müxtəlif respublika əhəmiyyətli yarışların keçirilməsi, eləcə də Federasiyanın bu idman növünün ictimai əhəmiyyəti və inkişaf perspektivləri ilə bağlı apardığı sistemli təbliğat velosiped idmanına ictimai marağın artmasına ciddi təkan vermişdir. Respublika Olimpiya Ehtiyaları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, "Neftçi" İdman Sağlamlıq Cəmiyyətində, Sumqayıt Velosiped İdmanı Klubunda və 8 saylı İdman Olimpiya Məktəbində, eləcə də digər yerlərdə velosiped idmanı ilə məşğul olan spesifik məktəb və klubların fəaliyyəti dəstəklənir, belə idman məktəblərinin regionlarda da açılması istiqamətində tədbirlər görülməkdədir. İdman məktəblərinə, klublarına göstərilən xüsusi diqqət gənc və yeniyetmələrin velosiped idmanına marağını artırır. Velosiped idmanı ilə peşəkar səviyyədə məşğul olan və ilk uğurlarını qazanan idmançılarımızın sayı da getdikcə artır. Cari ilin fevral ayından beynəlxalq yarışlarda iştirak etməyə başlamış "Synerji Baku" komandasının üzvləri ötən müddət ərzində 15 dəfə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışlarda mükafata layiq yerlər tutaraq podiuma qalxmışlar.
S.Ələkbərov müzakirə olunan konsepsiyanın bu sahənin inkişafı üçün hazırlanmış digər sənədlər kimi diqqətəlayiq olduğunu qeyd etmiş, velosipedin bir idman və nəqliyyat növü kimi inkişaf etdirilməsinə yeni bir töhfə kimi qiymətləndirmişdir.
Tədbirdə çıxış edənlər velosipedin dünyanın əksər ölkələrində nəqliyyat vasitəsi kimi tıxacların qarşısının alınmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yardım etdiyini, ölkəmizdə velosipeddən istifadənin genişləndirilməsinin zəruri olduğunu diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, baxımsızlıq üzündən yararsız hala düşmüş resublika velotrekinin bərpası ilə bağlı işlər davam etdirilir, dənizkənarı bulvarda 4 km uzunluğunda velosiped yolu salınmış, Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə velosiped parkı yaradılmışdır. Hazırda şəhərimizin yenidən qurulan hissələrində, habelə digər şəhər və rayonlarda da velosiped yollarının və zolaqlarının salınması ilə bağlı məsələlər geniş müzakirə olunur.
Tədbirdə çıxış edən əlaqədar strukturların nümayəndələri Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzinin hazırladığı velosiped idmanının inkişafı konsepsiyasının layihəsi ətrafında geniş müzakirələr aparmışlar.
07.11.2013