Erol Tok: Andrey Popoviçin keçmişinə bələdik - MÜSAHİBƏ
7 Noyabr 2013 12:56 İdmanTürkiyənin I dəstə klubu "Tavşanlı Linyitspor"un baş məşqçisi Erol Tokun apasport.az saytına müsahibəsi
- Usim Nduka ilə Andrey Popoviç komandanıza birbaşa sizin istəyinizlə transfer olunub?
- Bəli. Bakı "İnter"ində çalışan məşqçi vardı. O, mənə belə bir futbolçuların olduğunu bildirmişdi. Biz də gördük ki, işimizə yarayarlar. Ona görə də hər 2 futbolçu ilə müqavilə bağladıq.
- Bu futbolçuları sizə məsləhət görən məşqçinin adını bilmək olarmı?
- Türk məşqçi idi. Ancaq adı yadıma gəlmir...
- Dəqiq "İnter"in məşqçisi olub?
- Bəli. Əvvəl ingilis məşqçinin köməkçisi idi. Azərbaycanda yaxşı komandada çalışırdı. Daha sonra təkbaşına qaldı və həmin komandanın baş məşqçisi oldu.
- "İnter"də türk və ingilis məşqçilər olmayıb. Bəlkə siz "Qəbələ"də Toni Adamsın köməkçisi olmuş Fatih Kavlakı nəzərdə tutursunuz...
- Ay sağ olun. Adı Fatih idi. Mənə bu futbolçuları tövsiyə etmişdi. Ndukadan çox məmnunuq. Yaxşı oynayır. Popoviçi isə növbəti il üçün almışıq. 1992-ci il təvəllüdlüdür, gələcəkdə daha da yaxşı olacaq. Gündən-günə yaxşılığa doğru gedir. Ondan da razıyıq.
- Popoviç U-21 yığmamızın əsas qapıçısı olsa da, onu "18-liy"ə belə salmırsınız. Hətta Andrey Norveçlə səfər görüşündə penalti qurtarması ilə də yadda qalmışdı. Onun "18-lik"dən kənar qalmasının səbəbi nədir?
- Biz onu "18-liy"ə salırıq. Belə bir problemimiz yoxdur. O, oktyabrda millinizin Norveç və Portuqaliya ilə oyunları ilə əlaqədar olaraq toplanışa erkən qatılacağını bildirdi. Ona görə də onu Bakıya vaxtından tez yolladıq. Həmin vaxtlar ona görə "18-lik"də olmadı. Türkiyəyə qayıdarkən isə bizə anasının halının yaxşı olmadığını, qardaşının avtomobil qəzasına düşdüyünü bildirdi. Bizdən buna görə icazə istədi. Dedi ki, məni 2 oyun heyətə almayın, icazə verin, bir az özümə gəlim. Ona görə də son matçlarda onu heyətə daxil etmədik və hətta buna görə onu həkimə də göstərdik. Ancaq bu gün "İstanbul BB" ilə oyunda Andrey yenidən heyətdə olacaq. Biz ondan yararlanmağı düşünürük. Əsas qapıçımıza bir şey olarsa, onu meydana buraxacağıq.
- Yoxlama oyunları zamanı Popoviçə şans verirdiniz. Hətta penalti qaytardığı oyunlar da olmuşdu. Biz onun əsas heyətdə yer alacağını gözləyirdik...
- Bizim əsas qapıçımız Mətin Erol da yaxşı oyunçudur. Superliqa səviyyəsində bir qapıçıdır. Bu il onu almaq istəyirdilər, çətinliklə saxladıq. Ancaq onu çox güman ki, yaxşı pula satdıqdan sonra Popoviçi oynadacağıq.
- Ancaq heç olmasa, sonuncu kubok matçında şans verərdiniz...
- "Dardanelspor"la ilk oyunumuzda meydanda oldu, hətta penaltilər seriyasında da top qaytarmaqla növbəti mərhələyə çıxmağımıza yardım etdi. "İskəndərun Dəmir Çəlikspor"la matçda isə bayaq dediyim kimi, özü anasının xəstə olmasına görə oynamaq istəmədiyini bildirmişdi. Onun halı necə pis idisə, heç məşqlərdə düz-əməlli iştirak edə bilmirdi. İndi anasının vəziyyəti yaxşıdır. Artıq məşqlərə də qatılıb.
- Popoviç içkiyə meylli futbolçulardandır. Hətta əsas millinin toplanışı zamanı içki əlində şəkil çəkdirdiyi üçün baş məşqçi Berti Foqts tərəfindən komandadan uzaqlaşdırılıb. Bu onun oynadılmamağı üçün bir səbəb deyil ki?
- Onun keçmişinə yaxşı bələdik. Ancaq onun oynamamağının səbəbi bununla bağlı deyil. Özü də burda ondan belə bir şey görməmişik. Çox düzgün uşaqdır. Biz onu növbəti il oynatdığımız zaman, başqa klublardan təkliflər gələ və burdan yaxşı pullar qazana bilər.
- Yəni, qarşıdakı qış fasiləsi zamanı onun transferə çıxarılması söhbət mövzusu deyil...
- Tamamilə doğrudur. Popoviç bizim gələcəyə hesablanmış transferimizdir.