Legioner idmançılarla hara qədər?

Azərbaycanda ənənəsi olan futbol, voleybol və basketbol tənəzzül dövrünü yaşayır

2009-cu ildə ölkəmiz müstəqillik dövründə komanda idman növləri sahəsində ən böyük uğurunu qazandı. Kişi şahmatçılarımızdan ibarət yığmamız Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazandı. Bu uğura baxmayaraq Azərbaycanda komanda idman növləri fərdi döyüş növləri olan güləş, cüdo, boks və s. idman növlərində qazanılan uğurların fonunda kölgədə qalır. Belə demək olarsa, dünya idman ictimaiyyəti Azərbaycanı daha çox komanda idman növlərində deyil, fərdi idman növlərində uğur qazanan ölkə kimi tanıyır. Ən kütləvi komanda idman növlərindən sayılan futbol, voleybol, basketbol, otüstü hokkey, həndbol və başqa idman növlərində əvvələr uğurlarımız olsa da hazırda bu komanda idman növləri durğunluq dövrünü yaşayır. Düzdür qadın voleybolu üzrə ölkə çempionatı səviyyəsinə görə, əksər Avropa ölkələri çempionatlarını üstələyir. Ancaq voleybol klublarımız əsasən təcrübəli əcnəbi voleybolçuların hesabına uğur qazanırlar. Qadın voleybolçulardan ibarət yığmamız isə əvvəllər olduğu qədər də rəqibləri üçün təhlükə yaratmır.
Görəsən hələ SSRİ dövründə ölkəmizdə ənənələri olan basketbol, otüstü hokkey, futbol və voleybol komanda idman növlərində nəyə görə durğunluq mövcuddur? Nə üçün idmana dövlət səviyyəsində qayğı göstərilməsi komanda idman növlərinin inkişafına gətirib çıxarmır?

"Azərbaycanda komanda idman növlərini legionerlər hesabına inkişaf etdirmək mümkün deyil"

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi (BŞGİBİ) Raqif Abbasov bu gün üçün komanda idman növlərinin inkişaf etdirilməsi üçün infrastrukturun mövcud olmasını vacib sayır. Raqif Abbasov ANS PRESS-ə açıqlamasında Azərbaycanda komanda idman növlərini inkişaf etdirmək üçün indidən gələcək nəsillərə sərmayə qoyulduğunu bildirdi. "Fikir versəniz görərsiniz ki, Azərbaycanda Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar müstəqillik dövrünün yetirmələridir. Ancaq bu da həqiqətdir ki, lisenziyaların əksəriyyətini fərdi idman növlərində əldə etmişik. Azərbaycan Olimpiya Oyunlarında təmsil olunmadığı komanda idman növlərinin ev sahibliyini ölkəmizdə təşkil etmək siyasətini tutub. Ölkəmiz bununla sanki bir balans yaratmağa çalışaraq komanda idman növlərini inkişaf etdirməyə çalışır", - deyə Raqif Abbasov bildirir. BŞGİBİ rəisi ölkəmizdə komanda idman növlərini xaricdən gətirilən yüksəviyyəli legionerlər hesabına inkişaf etdirilməsinin də əleyhinədir. "Komanda idman növlərinin fəlsəfəsi bundan ibarətdir ki, burada çıxış edən idmançıların 7-8-i səviyyəli idmançı olmalıdır ki, transfer edilmiş bir superulduzu "oynada" bilsin. Hansısa bir klub komandamız balansı pozaraq hər hansı superulduzu transfer edə bilər. Ancaq həmin ulduz idmançı ölkəmizdə həmin komanda idman növünün inkişaf etdirilməsində elə bir rol oynamayacaq. Əksinə bir müddət keçdikdən sonra həmin "ulduz" öz oyununa da yadırğamağa başlayacaq", - deyə Raqif Abbasov vurğulayıb. BŞGİBİ rəisi Azərbaycanda hər hansı komanda idman növünü inkişaf etdirmək üçün həmin idman növü üzrə ölkədə keçirilən çempionatın səviyyəsinin qaldırılmasını vacib amil sayır: "Yerli çempionatın səviyyəsi, burada çıxış edən klubların peşəkarlığı artdıqca legioner futbolçular özləri Azərbaycanda oynamağa can atacaqlar. Bu isə sonradan həmin komanda idman növünün inkişafına səbəb olacaq. Bu işdə tələsmək olmaz".

Azarkeşlərimiz stadiondan niyə qaçaq düşüb?

Komanda idman növləri dedikdə ilk növbədə hamının ağlına "idmanın şahı" deyilən futbol yada düşür. Futbol elə bir oyundur ki, bütün dünyada bəlkə də milyardlarla insanı öz ətrafında toplayır. Ölkəmizdə futbol da digər komanda idman növləri kimi acınacaqlı dövrünü yaşayır. Digər ölkələrdə futbol matçı zamanı stadiona 10 minlərlə azarkeş gəlsə də Azərbaycanda ölkə çempionatının oyunlarını izləməyə bir ovuc adam təşrif buyurur. Görəsən bunun səbəbi nədir? Bütün dünyada insanlarını öz təsiri altına alan futboldan niyə azərbaycanlılar qaçaq düşüb? 80-ci-illərdə hamının sevimlisi olan "Neftçi" futbol klubunun hücum xəttində İsgəndər Cavadovla unudulmaz tandem yaradan Maşallah Əhmədov ölkəmizdə komanda idman növlərinin hazırki inkişaf səviyyəsindən narazıdır. Veteran futbolçu ANS PRESS-ə açıqlamasında futbolda nəzərəçarpacaq uğurların olmamasını klublarımızda peşəkarlığın aşağı səviyyədə olması ilə əlaqələndirdi. "Əvvəllər hamı həftəsonunu gözləyirdi ki, "Neftçi"nin oyununa getsin.İndi futbol oyunları boş tribunalar qarşısında keçir. Futbol klublarımızda yerli mütəxəssislər yox, əcnəbi məşqçilər işləyirlər. Bu da nəticəsi..."

Voleybolumuza nə oldu?

Azərbaycanda ənənəsi olan komanda idman növlərindən biri də heç şübhəsiz ki, voleyboldur. SSRİ dövründə Azərbaycan voleybolunun yetirmələri ölkə yığma komandasına dəvət edilərək Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə çıxış ediblər. Həmin idmançılardan Anatoli Makaqonovu, Oqtay Ağayevi, İqor Dyaçkovu, Tamara Tixoninanı, Elmira Gerasimenkonu, İnna Rıskalı, Vera Lantratovanı göstərmək olar. Azərbaycan voleybolununun dünya voleyboluna bəxş etdiyi ən parlq sima isə heç şübhəsiz ki, İnna Rıskaldır. Azərbaycan voleybolçusu gözəl və yadda qalan oyunu ilə öz adını Olimpiya və idman tarixinə əbədi yazanlardan biridir. Beynəlxalq Voleybol Federasiyasının keçirdiyi sorğuya əsasən İnna Rıskal qadınlar arasında XX əsrin ən güclü üç voleybolçusu arasında ikinci olub. O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət alıb. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış edərək təcrübə qazanıb. 1963-cü ildə keçirilmiş Avropa Çempionatında ilk dəfə çıxış edən həmyerlimiz qitə çempionu adını qazanmaqla çempionatda ilk dəfə iştirak edən "Gənc oyunçuların ən güclüsü" üçün təsis edilmiş mükafata yiyələnib. Bir il sonra 1964-cü il Tokio Olimpiya oyunlarında jurnalistlər İnnanı "Xəzər şimşəyi" adlandırırlar. Onda 19 yaşlı İnna vətənə gümüş medalla qayıdıb.1965-ci ildə İ.Rıskal Avropanın ən güclü voleybolçusu seçilir. Bütün bu amillər ölkəmizdə voleybolunun necə zəngin ənənələrinin mövcud olmasına bir sübutdur. Bəs indi?.. Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vaqif Əliyev müstəqillik dövründə voleybolumuzun tənəzzülə uğramasını ölkəyə gələn legionerlərlə əlaqələndirir. "SSRİ dövründə komandalarımızda öz yetirməmiz olan uşaqlar çıxış edirdilər. İndi isə klublar fəaliyyətə başlayıb ki, bu kollektivlərin rəhbərləri xaricdən legionerlər dəvət etməyə üstünlük verirlər. Mən sizə tam məsuliyyətimlə bildirirəm ki, yerlərdə fəaliyyət gəstərən idman cəmiyyəti və bölmələrinin fəaliyyəti demək olar ki, nəticəsizdir. Demək olar ki, yerlərdə voleybolumuz üçün ehtiyyat qüvvəsi hazırlanmır", - deyə Vaqif Əliyev bildirib. AVF vitse-prezidenti komanda idman növlərinin inkişaf etdirilməsi üçün ehtiyat qüvvələrin formalaşdırılması işində inqilab sayıla biləcək dönüş yaradılmasının vacibliyinə diqqət çəkib. Vaqif Əliyev əks halda vəziyyətin daha da ürəkağrıdıcı olacağı ilə bağlı xəbərdarlıq edir. "Ehtiyat komandada çıxış edən gənc yerli idmançılarımız müəyyən vaxtdan sonra klubların əsas heyətinə yol tapa bilmirlər. Bu da onlarda ruh düşkünlüyünün yaranmasına səbəb olur. Gənc idmançılarımızn klublarda əsas heyətə düşməməsinin səbəbi isə klublarda çox sayda legionerlərin çıxış etməsidir", - deyə Vaqif Əliyev qeyd edib. Vaqif Əliyev yerli gənc idmançıların klubların əsas heyətinə cəlb edilməsi üçün növbəti mövsümdən ölkə çempionatında legioner limitinin tətbiq edilməsinin nəzərdə tutulduğunu bildirib.

Azərbaycanda basketbolun səviyyəsi ürək ağrıdır

Ölkəmizdə tənəzzül dövrünü yaşayan komanda idman növlərindən biri də basketboldur. Basketbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Elxan Əliyev 15-16 yaşlı oğlanlar arasında ölkədə bir dənə də olsun turnirin təşkil edilməməsindən gileylənir.
"Uşaqlarımız inkişaf etmək üçün xarici komandalarla oyun keçirmirlər. Onlar bu cür turnirlərdə çıxış edərək inkişaf etməlidirlər. Üstəlik, "Araz" və "Qala" klubundan başqa basketbolçu seçmək üçün klubumuz yoxdur. Azərbaycanın bir idman cəmiyyətində basketbol bölməsi fəaliyyət göstərmir. Belə bir şəraitdə yığma komandanı formalaşdıraraq nəticə qazanmaq çox çətindir", - deyə Elxan Əliyev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31