Vulkana reportaj çəkməyə getdilər, geri qayıtmadılar - 7 nəfər itkin düşdü
13:29 Hadisəİndoneziyada Anak Krakatau vulkanı yaxınlığında 7 nəfər itkin düşüb. Onlardan 5-i jurnalistdir.
Milli.Az ANTARA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də Banten əyalətində baş verib.
Məlumata görə, jurnalistləri daşıyan sürətli qayıq Pagedongan körpüsündən yola düşüb. Onlar Anak Krakatau vulkanı barədə reportaj hazırlamaq məqsədilə əraziyə gediblər. Lakin bir müddət sonra qayıqdakı şəxslərlə əlaqə kəsilib.
Qayıqda ANTARA xəbər agentliyinin fotojurnalisti M. Bagus Hoyrunnas, "Merdeka" nəşrinin əməkdaşı Ari Basuki, "iNews" jurnalisti Yudhis, "Anadolu" agentliyinin əməkdaşı Daus və müstəqil jurnalist Donalın olduğu bildirilir. Qayıqda şəxsiyyəti hələ müəyyənləşdirilməyən daha iki nəfər də olub.
Agentlik axtarış-xilasetmə əməliyyatının ilk mərhələsinin nəticəsiz qaldığını açıqlayıb.
Bildirilir ki, ərazidə vulkan püskürməsinin davam etməsi axtarış-xilasetmə işlərini çətinləşdirir.