Goranboyda sursat anbarında yanğınla bağlı təxliyə başlayıb - İcra Hakimiyyəti

Gecə saatlarında Goranboy rayonunda sursat anbarında baş verən yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.

Hadisə yerindən Trend-in müxbiri xəbər verir ki, ümumilikdə 5 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Ərazidə FHN və aidiyyəti qurumlar yanğının yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirir. Nizami kəndinin girişində post qurulub.

Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərov bildirib ki, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.

Onun sözlərinə görə, hadisədən dərhal sonra Fövqəladə Hallar Komissiyası toplanıb və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə yaxın ərazilərdə yaşayan sakinlərin təxliyəsinə başlanılıb.

Seymur Nəzərov qeyd edib ki, sakinlər təhlükəsiz şəkildə yaxın ərazilərə köçürülüb.

Qeyd edək ki, ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir.

Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.

Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib. Xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31