Birinci Qarabağ müharibəsi şəhidi Cümşüd Məmmədov Laçında dəfn olunacaq
10:26 HadisəBirinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Məmmədov Cümşüd Həsənxan oğlu 21 avqust 2026-cı il tarixində Laçın şəhərində dəfn olunacaq.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olan Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb.
Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib və şəhidin ailəsinə təhvil verilib.
Şəhid Cümşüd Məmmədovun dəfn mərasimi 21 avqust saat 13:00-da Laçın şəhəri Şəhidlər Xiyabanında keçiriləcək.
Dəfn mərasiminə qədər şəhidin doğma Laçın torpağına gətirilməsi və burada torpağa tapşırılması onun ailəsi, yaxınları və Laçın ictimaiyyəti üçün xüsusi mənəvi əhəmiyyət daşıyır.
Laçın rayonunun Katos kəndinin sakini olan Cümşüd Məmmədov 34 il sonra doğma torpaqda dəfn olunacaq. Bu, Laçın tarixinin ağrılı səhifələrindən birinin tamamlanması baxımından mühüm hadisədir.
Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və əməkdaşlar iştirak edəcəklər.