Ceyranbatandakı yanğında uşaq özünü binadan ataraq yaralanıb

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.

Trend  xəbər verir ki, hadisə ilə əlaqədar iyulun 28-i saat 01:30 radələrində 2013-cü il təvəllüdlü oğlan uşağı Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən uşağa sağ pəncənin açıq yarası diaqnozu qoyulub. Ona Təcili yardım şöbəsində zəruri tibbi xidmət göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Ceyranbatan qəsəbəsində doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi ilə bağlı "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin əməkdaşları cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində binanın elektrik şaxtasında və sayğaclarda yaranan yanğın qısa müddətdə söndürülüb. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31