Dövlət Agentliyindən dənizçilərə çağırış edildi

Dövlət Dəniz və Liman Agentliyi son aylarda xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı yayılan xəbərlərlə əlaqədar müraciət edib.

Müraciətdə qeyd olunub ki, hazırda xüsusilə Qara və Azov dənizləri hövzəsində, eləcə də Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik riskləri yüksək olaraq qalır. Bu səbəbdən Azərbaycan dənizçilərinə həyat və sağlamlıqlarını hər şeydən üstün tutmaları tövsiyə edilib.

Agentlik dənizçiləri müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirməyə, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını nəzərə almağa, həmçinin mümkün olduğu hallarda belə səfərlərdən çəkinməyə çağırıb.

Bununla yanaşı, gəmiçilik şirkətləri və aidiyyəti qurumlara dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etmələri, onları yüksək hərbi risk daşıyan bölgələrə göndərərkən bütün zəruri təhlükəsizlik tədbirlərini görmələri və imkan daxilində bu marşrutlardan istifadə etməmələri tövsiyə olunub:

"Dövlət Dəniz və Liman Agentliyi bütün dənizçiləri ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini nəzərə almağa, müharibə zonalarından uzaq durmağa çağırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31