Siqaret qaçaqmalçıları hakim qarşısında – 5 milyon 400 min manatlıq CİNAYƏT DOSYESİ
14:27 HadisəBakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq işi üzrə məhkəmə araşdırmalarına start verilib. Söhbət Baş Prokurorluğun ötən ilin sonunda ifşa etdiyini açıqladığı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı vasitəsilə milyonlarla manatlıq aksizsiz tütün məmulatlarının ölkəyə gətirilməsindən gedir.
Musavat.com xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, gömrük inspektorları Heydər Eyvazlı və Tamerlan Axundzadə, eləcə də Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov və Rövşən Tarverdiyev təqsirləndirilən şəxs qismində iştirak ediblər.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri müxtəlif vəsatətlərlə çıxış ediblər. Zaur Haşımovun vəkili bildirib ki, müvəkkili yalnız vəzifə təlimatına uyğun fəaliyyət göstərib: "Yüklərin limana daxil olması Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin möhürləri əsasında həyata keçirilib. Zaur Haşımov da mövcud prosedurlara uyğun hərəkət edib. Onun istintaqdan yayınmaq və ya araşdırmaya təsir göstərmək niyyəti yoxdur".
Vəkili Zaur Haşımov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Oxşar vəsatətlərlə Amil Cəbrayılovun, Fərrux Haqverdiyevin, Fərid Usubovun və Tamerlan Axundzadənin vəkilləri də çıxış ediblər.
Tamerlan Axundzadənin vəkili çıxışı zamanı onun uzun illər gömrük orqanlarında çalışdığını, 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğunu, dövlət təltifləri aldığını və müsbət xarakterizə edildiyini vurğulayaraq bu halların nəzərə alınmasını xahiş edib.
Təqsirləndirilən Tamerlan Axundzadə isə məhkəmədə özünü təqsirli bilmədiyini deyərək heç bir cinayət əməli törətmədiyini bildirib.
Heydər Eyvazlının müdafiəçisi isə müvəkkili barəsində cinayət təqibinə xitam verilməsini və işin əlavə araşdırma aparılması üçün prokurorluğa qaytarılmasını istəyib.
Dövlət ittihamçısı müdafiə tərəfinin qaldırdığı vəsatətlərin əsassız olduğunu bildirərək onların təmin edilməməsini və işin mahiyyəti üzrə baxışa verilməsini istəyib.
Hakimlər müşavirədən sonra bütün vəsatətləri rədd edərək cinayət işini məhkəmə baxışına təyin ediblər.
Baş Prokurorluğun açıqladığı materiallara görə, istintaq zamanı müəyyən edilib ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəhbər şəxsləri, gömrük əməkdaşları və digər şəxslər mütəşəkkil cinayətkar qrup yaradaraq Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumi dəyəri 5,4 milyon manatdan artıq olan aksiz markası ilə markalanmalı tütün məmulatlarını qanunsuz şəkildə ölkəyə keçiriblər.
İddialara əsasən, məhsullar liman vasitəsilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib və satış məqsədilə saxlanılıb.
İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü - mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq; 213-1.2.1, 213-1.2.2 və 213-1.2.3-cü - aksiz markası ilə markalanmalı malların belə marka olmadan satış məqsədilə saxlanılması; 308.2-ci - ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham elan olunub.
Bu maddələr üzrə təqsir sübuta yetiriləcəyi halda, təqsirləndirilən şəxsləri uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. İş üzrə "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov əvvəlcə həbs olunsa da, sonradan səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Onun barəsində aparılan ibtidai istintaq ayrıca icraatda davam etdirilir.
Bundan əvvəl həmin cinayət işi çərçivəsində Fariz Məhərrəmovun işi ayrıca icraata ayrılıb və bu ilin 5 iyun tarixində onun məhkəmə prosesi keçirilib. Eyni zamanda, bu cinayət işi ilə əlaqəli hesab olunan digər şəxslər - Zaur Gülməmmədov, Vüsal Sadıqov, Samir Qəhramanbəyli, Elşən Əhmədov, Elçin Əsgərov, Amid Saidov, Emin Nəzərov və Şahin Heydərov barəsindəki cinayət işinə isə Bakı Hərbi Məhkəməsində baxılır.
Növbəti məhkəmə prosesi 15 iyul tarixinə təyin olunub.