“Əsl günahkar zalda zərərçəkmiş kimi oturub” - Yasamaldakı dəhşətli yanğın işi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin noyabrında Yasamal rayonunda baş vermiş və 3 nəfərin həyatına son qoyan yanğınla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İlk iclasda zərərçəkmişlərin hüquqi varisləri və onların vəkilləri istintaqın natamam aparıldığını, hadisəyə görə məsuliyyət daşımalı olan əsas şəxslərdən birinin cinayət məsuliyyətindən kənarda saxlanıldığını bildiriblər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs - "Taxes Group" MMC-nin (Loft Klinika) qanuni təmsilçisi və direktoru Bəhruz Paşayevin anket məlumatları dəqiqləşdirilib, proses iştirakçılarına hüquq və vəzifələri izah olunub. Dövlət ittihamını prokuror Cövdət Mehrəliyev müdafiə edib. Prokuror cinayət işinin məhkəmə baxışına verilməsini və Bəhruz Paşayev barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılmasını istəyib.

Məhkəmədə ən diqqətçəkən məqam zərərçəkmiş ailələrinin vəkillərinin çıxışları olub. Mərhum Samir Məhəmmədovun hüquqi varisi Marta Məmmədovanın və mərhum Könül Hümbətovanın hüquqi varisi Vəlibəy Hümbətovun vəkili Xeyransa Babayeva cinayət işinin ibtidai istintaqa qaytarılmasına israr ediblər.

Vəkil bildirib ki, hadisəyə görə yalnız Bəhruz Paşayev deyil, "Loft" Klinikasının və eyni adlı restoranın sahibi kimi tanınan iş adamı Vüqar Abbasov da məsuliyyət daşımalıdır. Onun sözlərinə görə, Vüqar Abbasov təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilməli olduğu halda, istintaq onu zərərçəkmiş qismində tanıyıb.

Yanğında həyatını itirən Arzu Qəmbərlinin atası, vəkil Əli Qəmbərov da məhkəmədə analoji vəsatətlə çıxış edib.

O bildirib ki, istintaq obyektiv aparılmayıb və hadisəyə görə məsuliyyət daşıyan bütün şəxslər cavab verməlidir:

"Bu işdə ibtidai istintaq düzgün aparılmayıb. Vüqar Abbasovun məsuliyyətdən yayınması üçün oyun qurulub. O da burada təqsirləndirilən şəxs kimi əyləşməlidir. Mənim övladımın ölümündə günahkar olan şəxs qanun qarşısında cəzasını almalıdır".

Məhkəmə zamanı daha bir maraqlı məqam açıqlanıb. Bildirilib ki, Vüqar Abbasov və Bəhruz Paşayev yaxın qohumdurlar - dayıoğlu və biboğludurlar. Zərərçəkmiş tərəfin iddiasına görə, Bəhruz Paşayev bütün məsuliyyəti üzərinə götürüb, Vüqar Abbasov isə cinayət məsuliyyətindən kənarda saxlanılıb.

Hakimlər kollegiyası müşavirədən sonra zərərçəkmiş tərəfin cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatətlərini təmin etməyib.

Xatırladaq ki, faciə ötən il 21 noyabr tarixində Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.

Baş Prokurorluğun apardığı istintaq zamanı müəyyən edilib ki, yanğın binanın zirzəmisində başlayıb.

Hadisə nəticəsində 3 nəfər - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova həyatını itirib,  25 nəfər tüstüdən zəhərlənib. Yaşayış binasına və sakinlərin əmlakına ciddi maddi ziyan dəyib.

İstintaqın qənaətinə görə, binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürən "Taxes Group" MMC-nin direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına cavabdeh şəxs olub və həmin qaydaların pozulması ağır nəticələrə səbəb verib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3-cü maddəsi (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə təqsirləndirilir.

Bəhruz Paşayev noyabrın 23-də saxlanılıb, ertəsi gün barəsində ittiham irəli sürülərək Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, yanğında həlak olan Arzu Qəmbərli vəkil Əli Qəmbərovun övladı, Könül Hümbətova isə Bakı Milli Geyim Evinin rəhbəri idi.

Proses iyunun 30-da davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31