Azərbaycanda 233 nəfər kasetli silahların qurbanı olub
13:05 HadisəAzərbaycanın işğaldan azad edilmiş, Ermənistanla şərti sərhəd boyunca yerləşən rayonlarında aparılan monitorinqlər zamanı ölkə ərazisində kasetli silahlardan istifadə faktları aşkar edilib. Araşdırmalar göstərir ki, bu tip silahların tətbiqi həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövrlərində qeydə alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə bu gün Cenevrə şəhərində keçirilən minalar əleyhinə konvensiyanın 22-ci konfransı və "Landmine Monitor Report 2025" hesabatının ictimaiyyətə təqdim olunmasına həsr olunmuş mətbuat konfransında Minalar Əleyhinə Azərbaycan Kompaniyaı İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.
O qeyd edib ki, daha əvvəl - 15 avqust 1992-ci ildə dövlət nömrə nişanı olmayan iki təyyarə tərəfindən Azərbaycan ərazisinə kasetli bombalar atılıb. Həmin hücum nəticəsində mülki əhali arasında ölü və yaralılar olub:
"Monitorinqlər zamanı Füzuli, Goranboy, Bərdə və Tərtər rayonlarının kasetli silahlarla hücuma məruz qaldığı müəyyən edilib. Bu silahların İkinci Qarabağ müharibəsi zamanı da tətbiq olunduğu bildirilib.
Statistik məlumata əsasən, Bakı, Gəncə, Mingəçevir, Tərtər və Füzuli şəhər və rayonlarında ümumilikdə 233 nəfər kasetli silahların qurbanı olub. Onlardan 8-i uşaq, 13-ü qadındır. Zərər çəkənlərdən 182 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb, ən yaşlı qurbanın yaşı isə 71 olaraq göstərilir.
Eyni zamanda, Vətən müharibəsindən sonra da kasetli silah qurbanları qeydə alınıb. Müharibədən sonrakı dövrdə 12 nəfər kasetli silah qurbanı olub".
Onun sözlərinə görə, kasetli silah qurbanları dedikdə, bu silahların tətbiqi nəticəsində həlak olan, bədən xəsarəti alan, psixoloji travma yaşayan, sosial təcrid edilən və öz hüquqlarını həyata keçirməkdə çətinlik çəkən şəxslər nəzərdə tutulur. 21 nəfər hərbçi kasetli silah qurbanı olub. İiki nəfər ölüb, 19-u yaralanıb.