Gündəm
Salman Qəmbərov “Jazz meets world” adlı konsertdə
Tanınmış caz ifaçısı, əməkdar artist Salman Qəmbərov Almaniyanın Köln və Darmştadt şəhərlərində təşkil edilən “Jazz meets world” adlı konsertdə çıxış edib. “Eorasiyans Unity” ansamblının tərkibində çıxış edən S.Qəmbərov milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının əsərlərini də səsləndirib. Bu barədə məlumat verən əməkdar artist bildirib ki, “Konsertdə İran, Polşa, Almaniya, Özbəkistan və Bolqarıstandan olmaqla 7 nəfər musiqiçi iştirak edib. Ölkəmizi isə iki gün davam edən konsertdə mən təmsil edirdim. Konsertimizə böyük maraq var idi, çıxışımız tamaşaçı alqışları ilə qarşılandı. Bundan sonra konsertdə səslənən ifaları diskə köçürmək üçün 5 gün Berlinin “RBB” radiostansiyasının səsyazma studiyasında olduq. Yaxın vaxtlarda diskimiz tam hazır olacaq”.
Nağılları yaşadaq
İyunun 12-də Abşeron rayon Xırdalan şəhəri Mədəniyyət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Abşeron rayon Təhsil Şöbəsinin birgə hazırladıqları “İslam Həmrəyliyi İli” ilə əlaqədar Abşeron rayon məktəbləri arasında “Nağılları yaşadaq” adlı nağıl müsabiqəsinin final mərhələsini keçirəcək. Müsabiqədə Azərbaycan, Türkiyə, Qazağıstan, Özbəkistan, Qırğızıstan və Misir dövlətlərinin nağılları təqdim olunacaq. Tədbiri keçirməkdə məqsəd İslam dövlətlərinin mədəniyyət, adət və ənənəsi, folkloru, nağılları ilə uşaqları yaxından tanış etmək, onlarda mərd və cəsur olmaq, zəka və intellektualı yüksəltmək, vətənə sevgi, hörmət və ehtiram kimi ülvi hissləri aşılamaq və maarifləndirməkdir.
"Jewishpress": "Azərbaycan tolerantlığın vacib nümunəsidir"
Dünyanın müxtəlif bölgələrində nifrət və dözümsüzlüyün artdığı bir vaxtda Azərbaycan əsrlər boyu tolerantlığın nümunəsi kimi çıxış edib. Bu barədə amerikalı ravvin İzrail Barukun "Jewishpress" nəşrindəki məqaləsində bildirilir.
İran kəşfiyyat naziri: "Son 2 həftədə İranda bir neçə terrorçu qrup zərərsizləşdirilib"
Son iki həftə ərzində İranda bir neçə terrorçu qrup zərərsizləşdirilib. Bunu İranın kəşfiyyat naziri Mahmud Ələvi deyib. O qeyd edib ki, son iki il ərzində isə ölkədə 100-dən çox terror aktının qarşısı alınıb. Bu müddət ərzində terror qruplarının üzvləri müəyyənləşdirilib və həbs olunub.
Magistraturaya ixtisaslaşma seçimi başladı
Bu gündən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 9-dan 19-dək aparılacaq. İxtisaslaşma seçiminə 2017-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar. Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır.
Azərbaycan və Pakistan XİN-ləri arasında məktub mübadiləsi həyata keçirilib
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Pakistan Respublikası baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
“Əhməd Hamdi Tanpınar - məmləkətdən dünyaya” adlı antologiya təqdim olundu
İyunun 8-də Bakıda Yunus Əmrə İnstitutunda “Tanpınarı kəşf edirəm” adlı müsabiqəsində qalib gəlmiş 5 yazarın esselərinin çap olunduğu “Əhməd Hamdi Tanpınar - məmləkətdən dünyaya” adlı antologiyanın təqdimatı keçirilib.
26 yaşlı gənc özünü kəmərlə asdı
Abşeron rayonunda intihar hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, hadisə rayonun Novxanı bağlarında qeydə alınıb. Belə ki, sözügedən ərazidə yerləşən mənzildə 1991-ci il təvəllüdlü Orxan Fazil oğlu Paşayev evin pilləkənindan özünü kəmərlə asıb. Faktla bağlı Bunəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Hazırda intiharın baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Ombudsman işgəncələrə məruz qalan qızla bağlı məlumat yaydı
Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Şəki Regional Mərkəzinin əməkdaşları 7 iyunda Şəki Qarışıq tipli Uşaq evində araşdırma aparıblar. Ombudsman Aparatının Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, həmin müəssisənin müdiri Məmmədova İlhamə Tofiq qızı bildirib ki, 24.04.1998-ci il təvəllüdlü Aysel Hüseynova 2007-ci ildən Şəki Qarışıq tipli Uşaq evində tərbiyə olunur və hazırda Peşə məktəbində təhsil alır.
TEAS PRESS Nəşriyyat Evində 10 kitab nəşr olundu
TEAS PRESS Nəşriyyat Evi tərəfindən Xalq yazıçısı Çingiz Abdullayevin 10 kitabı Azərbaycan dilində ilk dəfə işıq üzü görüb. Əsərlər Azərbaycanın peşəkar mütərcim və redaktor heyəti tərəfindən dilimizə tərcümə edilib və çapa hazırlanıb. Çingiz Abdullayevin əsərlərinin pərəstişkarları, eləcə də zövqlü oxucular ən yüksək poliqrafik standartlara tam cavab verən bu kitabların tərcümə və redaktə səviyyəsindən məmnun qalacaq. Cəmiyyətdən “Olaylar” – a bildirlib ki, kitabların üçü – “Bumeranq zərbəsi”, “Qurbanlıq sindromu” və “Vicdanın adaptasiyası” romanları əslində bir-birinin davamıdır. Trilogiyada haqqında bəhs olunan hadisələr Rusiyanın bir neçə şəhərində cərəyan edir. Seksual manyak olan qatil ayrı-ayrı şəhərlərdə eyni üsulla seriya qətllər törədir.
Tereza Mey istefa vermək niyyətində deyil
Sədrlik etdiyi hakim Mühafizəkarlar Partiyası növbədənkənar seçkilərin yekunu üzrə parlament çoxluğunu itirsə də, Böyük Britaniyanın Baş naziri Tereza Mey istefa vermək niyyətində deyil.
DİM: Dövlət qulluğuna qəbulla bağlı 1000-dən çox vakansiya var
“10 il ərzində dövlət qulluğuna keçirilən müsabiqələr nəticəsində 6000-dən çox Azərbaycan vətəndaşı vakant dövlət qulluğu vəzifələrini tutub. Onlardan 80 faizdən çoxu gənclərdir. Artıq onların bir çoxu karyera yüksəlişinə nail olublar”. Bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.
QMİ Ramazan təqvimindən istifadə ilə bağlı dindarlara xəbərdarlıq edib
"Reket jurnalistika" ilə məşğul olan "İrəvan Press" qəzetinin baş redaktoru həbs edildi
"İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasov hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunaraq həbs edilib. Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Əli Əhmədov: "Qadınlar ölkəmizin həyatında mühüm rol oynayır"
Qadınlar ölkəmizin həyatında mühüm rol oynayır. Ancaq qadınların rolu daha da artırılmalıdır. Azərbaycanda gender məsələlərinə həssasıqla yanaşılır. Bunu Baş nazirin müavini Əli Əhmədov "Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və inkişaf" mövzusunda BMT-nin Azərbaycan nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə keçirilən panel müzakirələrində deyib.














