Məktəb ideoloji mübarizə meydanı deyil-Özəl
16:06 Sosial"Bu gün məktəblərdən yayılan videolar və paylaşımları, vahid məktəbli geyim qaydalarına qarşı etirazlar, eyni zamanda İranın ideoloji təsirlərinə yaxın mövqelərin təbliği cəmiyyətdə narahatlıq doğurur". Olaylar xəbər verir ki, bunu Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov deyib:
"Hər kəsə aydındır ki, Azərbaycan dünyəvi dövlətdir. Məktəb elm və təhsil ocağıdır, ideoloji mübarizə meydanı deyil. Hər kəsin dini inancına hörmətlə yanaşılmalı, lakin heç bir dini və ya xarici ideoloji təsir dövlətimizin qanunlarından və təhsil qaydalarından üstün tutulmamalıdır.
Vahid geyim qaydalarına əməl etmək hər bir şagirdin və valideynin məsuliyyətidir. Narazılıqlar qanuni yollarla ifadə oluna bilər, amma qanun pozuntularına və ictimai asayişin pozulmasına yol verilməməlidir.
Bu gün hər birimiz Azərbaycanın dünyəvi dövlət prinsiplərinə, milli dəyərlərimizə, qanunun aliliyinə və dövlətimizin təhsil siyasətinə dəstəyimizi açıq şəkildə ifadə etməliyik.
Dünyəvi dövlətçilik, qanuna hörmət və milli maraqlarımızın qorunması hamımızın məsuliyyətidir!