ANA QƏLBINDƏ BITMƏYƏN HƏSRƏT, SINIF OTAĞINDA SÖNMƏYƏN ÜMİD -Şəhid Rasim Məmmədov Oqtay oğlunun əziz xatirəsinə

ANA QƏLBINDƏ BITMƏYƏN HƏSRƏT, SINIF OTAĞINDA SÖNMƏYƏN ÜMİD

Cənnətdəki doğum günün mübarək, şəhidim!

Şəhid Rasim Məmmədov Oqtay oğlunun əziz xatirəsinə

Bəzi tarixlər var ki, təqvimdə adi bir gün olmaqdan çıxaraq insan qəlbinin ən dərin qatlarına həkk olunur. Elə tarixlər var ki, bir tərəfdən qürur doğurur, digər tərəfdən bitməyən bir həsrətin, sözə sığmayan bir nisgilin qapısını açır. Oktyabrın 8-i də şəhid Rasim Məmmədovun ailəsi, doğmaları və onu tanıyanlar üçün məhz belə tarixlərdəndir.

Rasim Oqtay oğlu Məmmədovun 2026-cı il oktyabrın 8-də 39 yaşı tamam oldu. Bu il onun doğum günü bir daha xatirələrə, dualara, gözlərdəki yaşla ürəklərdəki qürurun qovuşduğu duyğulara büründü. 

Rasim Məmmədov 254 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsilini davam etdirib. Hərbi xidmətini başa vurduqdan sonra həyat yolunu dövlətə və xalqa xidmətlə bağlayaraq Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xidmət edib.

Polis serjantı Rasim Oqtay oğlu Məmmədov 2023-cü il sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhadətə ucalıb.

O, bir ailənin dayağı, iki övladın atası, valideynlərinin əzizi, doğmalarının fəxri idi. Hər bir insan kimi onun da gələcəyə dair arzuları, ailəsi ilə yaşayacağı gözəl günlər, övladlarının böyüməsini və uğurlarını görmək istəyi vardı. Lakin həyatın elə məqamları olur ki, insanın şəxsi arzuları Vətənin taleyi qarşısında arxa plana keçir. Rasim də öz xidməti borcuna sədaqət göstərərək həyatını Vətənə həsr edən qardaşlarımızdan oldu.

Kaş ki, bu gün doğmaların ətrafına toplaşaydı, anan sənin üçün süfrə açaydı, övladların səni təbrik edəydi, evinizdən gülüş səsləri yüksələydi. Kaş ki, 39 yaşının sevincini ailənlə birgə yaşayaydın. Amma Vətən qarşısında müqəddəs borcunu yerinə yetirərkən yarımçıq qalan ömrün bu gün bir xalqın yaddaşında əbədiyyətə çevrilib. Siz artıq yalnız bir ailənin övladı, bir ananın fəxri, iki övladın atası deyilsiz, Vətən uğrunda canından keçənlərin müqəddəs adını daşıyan, xatirəsi ehtiramla yaşadılan şəhidlərimizdənsiniz.

Bir az da bu qəhraman oğulun anasından Xuraman müəllimədən danışmaq istərdim.

Şəhid Rasim Məmmədovun anası Xuraman müəllimədir. O, illərini şərəfli və məsuliyyətli bir peşəyə həsr edib. Ömrünü şagirdlərin təlim-tərbiyəsinə, onların bilikli, savadlı, mənəvi dəyərlərə bağlı şəxsiyyətlər kimi yetişməsinə sərf edib. 

Övlad itkisi insanın qəlbində sözlə ifadəsi çətin olan bir boşluq yaradır. Ana üçün övlad yalnız keçmişin xatirəsi deyil; o, hər gün gözlənilən səs, hər an duyulan nəfəs, gələcəyə bağlanan ümid, ömrün ən əziz parçasıdır. Belə bir itkini qəlbində daşımaqla yanaşı, hər gün məktəbə gəlmək, şəhid Rasim Məmmədovun adini daşıyan sinif otağının qapısını açmaq, uşaqların qarşısında dayanmaq, onların suallarına cavab vermək və gələcəyinə istiqamət vermək böyük mənəvi güc tələb edir.

Xuraman müəllimənin pedaqoji fəaliyyətində diqqət çəkən məqam da məhz budur: şəxsi həyatının ən ağır ağrılarından birini yaşamasına baxmayaraq, müəllimlik məsuliyyətinə sədaqətlə yanaşması, övladlarımızın təlim-tərbiyəsini diqqətdən kənarda qoymaması və öz peşəsinin tələb etdiyi vəzifələri yüksək məsuliyyət hissi ilə yerinə yetirməsidir.

Xuraman müəllimənin hazırda dərs dediyi 3 "B" sinfində övladlarımızın təlim-tərbiyəsinə göstərdiyi diqqət və ana qayğısı onun pedaqoji peşəkarlığının gündəlik təzahürüdür. Sinifdə təlim prosesinin yüksək keyfiyyətlə təşkilinə, dərslərin səmərəli keçməsinə, şagirdlərin bilik və bacarıqlarının inkişafına, onların davranış və mənəvi keyfiyyətlərinin formalaşmasına göstərilən həssas münasibət müəllimin öz işinə necə ciddi yanaşdığını nümayiş etdirir.

Xuraman müəllimənin övladlarımıza münasibətində gördüyüm məsuliyyət, onların təlim-tərbiyəsinə göstərdiyi diqqət məndə həm bir valideyn, həm də şəhid ailəsinə ehtiram bəsləyən bir insan kimi dərin hörmət yaradır.

Düşünürəm ki, uşaqlarımız böyüdükcə müəllimlərinin həyat hekayəsini də daha dərindən anlayacaqlar. Onlar görəcəklər ki, qəhrəmanlığın başqa bir təzahürü ağır dərdi qəlbində daşıya-daşıya öz işini vicdanla görmək, başqalarının övladlarının gələcəyi üçün çalışmaq, şəxsi ağrısına baxmayaraq peşə borcuna sədaqət göstərməkdir.

Bir valideyn olaraq arzum budur ki, Nur və onun sinif yoldaşları Xuraman müəllimənin zəhmətindən bəhrələnsin, yaxşı təhsil alsın, sağlam mənəvi dəyərlərlə böyüsünlər. 

İstəyirəm ki, Nur həm babası şəhid Faiq İsmayılov, həm də Vətən uğrunda şəhadətə ucalan Rasim Məmmədov kimi qəhrəmanlarımızın həyat yolunu tanısın, onların fədakarlığını, Vətən sevgisini və mənəvi dəyərlərini öz qəlbində yaşatsın.

Cənnətdəki doğum günün mübarək, Rasim qardaş!

Ruhun şad, məkanın cənnət olsun! Sənin adını yaşadan ananın zəhmətinə və bütün şəhid ailələrinin müqəddəs xatirəsinə ehtiramla baş əyirik.

Çünki şəhidlərin ömrü yalnız yaşadıqları illərlə ölçülmür. Onların ömrü uğrunda can verdikləri Vətəndə, adlarını ehtiramla çəkən insanların qəlbində və gələcək nəsillərə ötürülən dəyərlərdə davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!

Nur İsmayılovanın valideyni,

pedaqogika üzrə fəlsəfə doktoru

Səbinə Vaqif qızı Rüstəmova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31