Baba Vəziroğlu: “Məktəb dini və ya milli məbəd deyil, təhsil məbədidir”- ÖZƏL
20:48 SosialMəktəblərdə dünyəvilik prinsiplərinin qorunması və vahid məktəbli geyiminin tətbiqi cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Mövzu ilə bağlı tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Olaylar.az-a fikirlərini bölüşüb:
"Fikrimcə, bu qərar hərtərəfli düşünülmüş və vaxtı çatdığı üçün verilmiş düzgün qərardır. Hətta deyərdim ki, mənim aləmimdə bu, gecikmiş qərardır. Çünki bu qərar doğrudan da çoxdan verilməli idi.
Azərbaycan müxtəlif etnik qrupların, dini baxışların və milli mentalitetlərin təmsil olunduğu, böyük və kiçik xalqların yaşadığı bir məmləkətdir. Azad bir məmləkətdir. İnsanların düşüncə müxtəlifliyinə və öz milli adət-ənənələrinə riayət etmək azadlığı var. Amma məktəbdə bu azadlıqlar müəyyən çərçivəyə salınmalıdır. Tarixən belə olub və belə də olacaq. Çünki məktəb dini və ya milli məbəd deyil. Məktəb təhsil məbədidir. İnsanlara işıq, ziya verən bir məbəddir. Azərbaycanda yaşayan hər kəs öz dini baxışlarını, təriqətini və inanclarını bu məktəbə gətirə bilməz. Bu böyük azadlıq məktəb divarları arasında, həmin təhsil məbədinin konkret qaydaları və çərçivələri daxilində olmalıdır. Təsəvvür edin ki, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır. Məktəb, bir daha təkrar edirəm ki, elm, təhsil, ziya və işıq məbədidir. Hər kəs bu məbədin qayda-qanunlarına hörmətlə yanaşmalı və onları anlayışla qarşılamalıdır. Bu, həm şagird kollektivinə, həm müəllim kollektivinə, həm də həmin məktəbə, o məbədə ayaq basan hər kəsə aid olmalıdır".