Cəsarət və millilik ünvanı - MİRKƏRİM HƏSRƏT

Mirkərim Əhməd oğlu Seyidov (Mirkərim Həsrət) 26 avqust 1959-cu ildə Babək rayon Qahab kəndində müəllim ailəsində doğulmuşdur. 12 uşaqlı ailənin 5-ci övladı olan M.Həsrət 1967-ci ildə Qahab kənd orta məktəbinə qəbul olunmuş, 1977-ci ildə həmin məktəbi yüksək qiymətlərlə bitirmişdir. 1977-ci ildə Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (İndiki Naxçıvan Dövlət Üniversitetinin) "Azərbaycan dili və ədəbiyyat" ixtisasına qəbul olunmuş, 1981-ci ildə həmin institutu yüksək qiymətlərlə başa vurmuşdur. 1978-ci ildən ədəbi yaradıcılığa başlayan şair fakultədə "Ədəbi gənclik" dərnəyinin eyni adlı divar qəzetinə rəhbərlik etmiş, həmin ildən də dövrü mətbuatda şeirləri dərc olunmuşdur. Şairin ilk mətbu əsəri olan "Qız barmaqları" şeiri 1979-cu ildə "Şərq qapısı" (ozamankı "Sovet Naxçıvanı") qəzetində dərc olunmuşdur.

1981-ci ildən 1992-ci ilədək Babək rayonun ucqar kəndi olan Nəcəfalı Dizədə müəllimlik fəaliyyətinə başlayan M.Həsrət 1992-ci ildən Qahab kənd tam orta məktəbində müəllim olaraq işləyir. Qüsursuz müəllimlik fəaliyyəti və çoxsayılı yüksək nəticələr göstərən məzunlarıma görə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür (2018).

Müxtəlif qəzet və jurnallarda vaxtaşırı əxlaqi, vətənpərvərlik mövzularında məqalələri və poeziya nümunələri dərc olunur.

Vətən yağı düşmən əlində inildəyəndə şairin mənəvi, daxili dünyasının hayqırtıları kimi 1977-ci ildə "Mənə şair deməyin" adlı ilk kitabı oxucuların ixtiyarına verilmişdir.      

Vətənsevər şair 1992-ci ildə Vətənin müdafiəsi üçün Gərməçataq, Buzqov istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş, 2001-ci ildən Azərbaycan Respublikasının Müharibə Veteranı adını almışdır.

Şair Mirkərim Həsrət 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2012-ci ildən Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin üzvüdür.

Mirkərim Həsrətin müxtəlif illərdə "Mənə şair deməyin" (Bakı, Yazıçı, 1997, 104 s.), "Qəm harayı" (Bakı, Naksuana, 2005, 310 s.), "Dağılasan, belə dünya" (Bakı, MBM, 2012, 224 s.), "Dərdimin şəklini çək" (Bakı, Mücrü, 2024, 176 s.), "Kimə tapşırım səni?" (Naxçıvan, Əcəmi, 2025) kimi kitabları işıq üzü görüb. Şairin "Tanrı görmür bu dərdimi", "Tanrı, məndən uzaq elə", "Dünya, məni ağlama", "Yaşama" və s. kimi şeirləri fəlsəfi və ictimai məzmunu ilə diqqəti cəlb edərək insan, həyat və dünya məsələlərinə şairin poetik dərki və ya şərhi kimi mənalana bilər. Ümumiyyətlə, şair M.Həsrətin yaradıcılığını səciyyələndirən mühüm keyfiyyət onun mədhiyyəçilik, saxta tərif və öygüdən uzaq olub, daha çox ictimai məzmun kəsb edən, tənqidi münasibət ortaya qoyan əsərlərdən ibarət olmağındadır. Bu cəhətdən M.Həsrətin yaradıcılığı ictimai etiraz və üsyan ortaya qoyan bir pafos və məzmuna malikdir. Şair M.Həsrət Naxçıvan ədəbi mühitinin "Xaqanisi" adlanmağa layiq bir qələm sahibidir. Vətəni, eli saxta məhəbbətlə öygü göstərən şairlərdən fərqli olaraq ağıl, idrak və tənqidi qavrayış yolu ilə sevən şair həqiqi və dözümlü bir məhəbbət nümunəsi göstərir. Təsadüfi deyil ki, şairin kitab başlıqlarına çevrilən "Qəm harayı", "Dağılasan belə dünya" adları bütün məzmunu ilə ictimai kədər, etiraz və üsyan ifadə edir. "Tanrı görmür bu dərdimi" şeirində şair ictimai dərdini dilə gətirərək yazır:

Balıqları qoxur başdan,

Səbrimiz də olub daşdan.

Baş açmıram bu savaşdan,

Tanrı görmür bu dərdimi.

...Vətənimə qan çiləndi,

Başımıza dərd ələndi.

İgidlərim güllələndi,

Tanrı görmür bu dərdimi.

Bu ictimai kədəri "Tanrı, məndən uzaq elə" şeirində davam etdirən şair vətənin bəlasını xəlqiləşdirərək deyirdi:

Ərşə qalxıb Vətən dağı,

Özümüzük yurda yağı.

Harınlaşan qurumsağı

Tanrım, məndən uzaq elə.

Bic şeytanın dal ayağı,

Rəhbər gördüm mən sarsağı.

Üzü gülən hər yaltağı

Tanrı, məndən uzaq elə.

Şairin bu ictimai kədər və mübariz ruhunu onun Xalq şairi Məmməd Araza müraciətlə yazdığı, məzmun və forma etibarilə ədəbiyyatımızdakı "Görmədim" şeirlərinin XXI əsrin astanasında davamı təsirini bağışlayan "Səs ver mənə " başlıqlı şeirində də görmək mümkündür:

Sətir-sətir, misra-misra alovlanıb köz olmuşam,

Haqq boğanın qabağında oxdan iti söz olmuşam.

Mən xalqımın taleyinə ağlamağa göz olmuşam,

Kökdən düşüb, ötmür daha sinəm üstə sədəfli saz,

Ölüsənmi, dirisənmi, səs ver mənə, Məmməd Araz!

Neçə meşin qapılara əl uzatdım əlim yandı,

Haqq çağırdım, haqq bağırdım,

Ağzım yandı, dilim yandı.

Düşdü hərrac bazarına

Obam yandı, elim yandı,

Dərdlərimdən bir sədd çəksəm, mənbəyinə dönər Araz,

Ölüsənmi, dirisənmi, səs ver mənə, Məmməd Araz!

Şairin "Doğma diyar", "O yurd neyləsin", "Vətən dedim", "Səninçün, Vətən!", "Vətən" və başqa şeirləri vətən mövzusunda vətənpərvərlik ruhunda yazılmış əsərlər kimi diqqəti cəlb edir.

Düşünməyin, a dostlar, tariximdən naşıyam,

Sülh-ədalət soraqlı yurdun vətəndaşıyam-

və yaxud:

...Xoşbəxtəm ki, Vətənin torpağıyam, daşıyam,

Sülh-ədalət soraqlı yurdun vətəndaşıyam -

deyən şair vətəndaşlıq lirikasının gözəl örnəklərini yaratmışdır. Şair bəzən Vətənin gözəlliklərini tərənnüm və təsvir edirsə ("Doğma diyar"), bəzi şeirlərində ictimai kədər, problem və tənqid ortaya qoymaqla vətənə olan məhəbbət ruhunu ifadə etmişdir ("O yurd neyləsin", "Vətən dedim", "Səninçün, Vətən!" və s.). Şair sevdiyi, bağlandığı vətənin qurban kəsildiyi gözəlliklərini poetik ilhamla dilə gətirərək bir rəssam qələmilə təsvir və təqdim edir:

Ey doğma diyarım, müqəddəs, əziz,

Eşqinlə coşmağa incə səsim var.

Yelkənli gəmiyəm, sənsə bir dəniz,

Qoynunda üzməyə min həvəsim var.

Hər yeni səhərdən nur alan kimi

Təbəssüm paylayır elə camalın.

Mən də baxıb sənə öz balan kimi

Deyirəm, gözəldir sənin bu halın.

Şairin "Səninçün, Vətən" şeiri isə bütün ruhu, məzmunu, pafosu, şeriyyəti və qüdrəti ilə şairin Vətənnaməsidir, vətənə bağlılıq şəhadətnaməsi, məhəbbət və ülfət kredosudur. Şeirdə ictimai məzmun təntənəli diqtə üzərində təcəssüm taparaq öymə, fəxriyyə səciyyəsi qazanmışdır:

Ürəyimi günəş kimi

Yandıraram başın üstə -

Sönsə Günəş.

Gözlərimin yağını mən

Əridərəm daşın üstə -

Sənsə atəş.

Mən ürəksiz yaşayaram,

Göz nurumu pay eləyib

Kor adını daşıyaram,

Bu dünyanın qəbir evinə kor gedərəm -

Səninçün, Vətən!

Dolanaraq ayaqyalın

Torpağının başına mən -

Pərvanətək.

Su olmasa dəm verərəm

Kor gözümün yaşına mən -

Budur istək!

Şeir forma etibarilə təsdiq və inkar üzərində qurulmuşdur. Şeirin əvvəli təsdiq, sonu isə inkarla tamamlanmışdır. Şair əvvəlcə Vətən üçün hər şeyindən keçə biləcəyinə söz verir, amma sonda insan üçün ən qiymətli sərvət hesab etdiyi, insanlığın dəyəri bildiyi ləyaqətdən yalnız keçə bilməyəcəyini ifadə edir. Bu fikri o mənada doğru qəbul etək olar ki, şairin əvvəlki şeirlərində də təsdiqini tapdığı kimi Vətən insan üçün ləyaqət və insanlıq meyarıdır, bu mənada insanlıq və ləyaqətdən imtina Vətəndən imtinadır. Buna görə də şairin bu fikirlərini qeyd ediləın mənada qəbul etmək olar. Şairin 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə yazdığı "Naxçıvan" şeirində ana vətənin möhtəşəm və fövqəladə gözəllikləri poetik əlvanlıq və pafosla əks etdirilmişdir:

Doğmaların doğması, mənim şanlı  diyarım,

Ömür boyu tükənməz mənim yazım, baharım.

Həm qeyrətim, namusum, yenilməyən vüqarım.

Sənin kimi diyara kimlər əsirgəyər can,

Mənə Tanrıdan əziz atam, anam Naxçıvan!

Mən qala tikmərəm yox, qeyrət qalamsan mənim,

Gah babamsan, atamsan, gah da balamsan mənim.

Mənim bir düşmənim var, o da sənin düşmənin.

Çiçəklər gündən-günə, ömrün-günün firəvan,

Mənə Tanrıdan əziz atam, anam Naxçıvan!

Sən Şərqin qapısısan, elə Şərqin özüsən,

Turanıma Oğuza boylanan bir gözüsən.

Türkiyəmin, Təbrizin "Can!" dediyi sözü sən.

Yaşın min ildən coxdur, həm qocasan, həm cavan,

Mənə Tanrıdan əziz atam, anam Naxçıvan!

Şairin ictimai etiraz, giley və narazılıq kəsb edən "Dövlət qurmuşuq", "Satılır dedi", "Azərbaycan eli var", "Durna qatarına qoşulum", "Məndən şair çıxarmı heç?!", "Naminə", "Dağılasan belə dünya", "Vətən o vətən deyil", "Buraxın məni", "Soruşma", "Yiyəsiz vətən", "A dağlar", "Gora gedir sabahımız" və s. kimi şeirlərində ictimai etiraz daha şiddətli, kəskin və miqyasca böyükdür. Şairin bəzən dərin hiddətlə səsləndirdiyi "bayraq o bayraq deyil", "Vətən o Vətən deyil", "torpaq o torpaq deyil" kimi ifadələri vətənini dərin məhəbbət və sədaqətlə sevən üsyankar bir şairin vətəni, eli, xalqı bəla girdabına salan xəyanətkarlara qarşı dərin hiddət və etirazının poetik təzahürü olaraq yer almışdır.

Bu əsərlərin bir çoxu Azərbaycan ədəbiyyatının ümumi problematikası, məzmunu və konkret sənətkarları ilə də əlaqəlilik kəsb edir. Şairin "Gora gedir sabahımız" şeiri Xalq şairi B.Vahabzadənin "Hara gedir sabahımız?" əsərinə cavab olaraq yazılıb. Şairin "A dağlar" şeiri isə ədəbiyyatımızdakı "dağlar" rədifli ictimai məzmunlu əsərlərlə, xüsusilə Dədə Ələsgərin "Dağlar" qoşması ilə doğmalıq kəsb edir. Şairin "Dövlət qurmuşuq" şeiri isə məzmun və ictimai etiraz xüsusiyyətlərinə görə satirik şair Ə.Qəmgüsarın "Ədəbiyyat" şeiri ilə bağlanır və s. Şair "Dövlət qurmuşuq" adlı şeirində daha ciddi məsələlərə toxunaraq ölkənin taleyi və vəziyyəti ilə baölı qayğı və narahatlıqlarını qətiyyətli şəkildə dilə gətirirdi:

Hərə çəkdi bu milləti bir yana,

Ya bacara, ya qanmaya, ya qana.

Dağ çəkdirdi anam Azərbaycana,

Bilinmədi, hansı xoş əməllidi.

Sabirin "Satıram" satirik şeirini andıran "Satılır" şeirində isə vətən torpaqlarına olan xəyanətlər, milli sərvətin talanması, vətənin əsl sahibi olan xalqın yoxsulluq içində yaşaması kimi məsələlər poetik etiraz və kədər olaraq ifadə olunmuşdur:

Hərrac bazarına çəkiblər bizi,

Qanmazın əliylə qanan satılır.

Eşşək axurunda dənlik buğda var,

Atın qabağında qırcın tapılmır.

Talayır bizləri aşkarlıq altda,

Rüşvətxor, möhtəkir, nə bilim kimlər.

Harınlar bir az da harınlayırlar,

Zarıyır mənimtək mənim kimilər.

"Yüz erməni dığasına min şapalaq vura billəm, Min ordunun qabağında bir qalatək dura billəm" deyən şair üəriyində, biləyində Vətən, el, torpaq naminə güc və təpərinin olduğunu dilə gətirir, lakin bu təpəri "mənən oğurlayanları"a qarşı üsyan qaldırırdı. Şair bu arada "qələmini çörək ağacına çevirib" ona-buna mədhiyyə yazıb, yaltaqlıq edənləri də söz qılıncının qarşısına çəkərək "Necə yazırsınız?" şeirində tənbehləyirdi.

Şairin "Sevmək olsaydı", "Qaytar geri", "Qız barmaqları", "Gedəydin barı", "Məhəbbət", "İstərəm", "Niyə sevməliyəm?", "Məndən ayrılmaq niyə?", "Bağışla", "Mən elə bilirdim" və başqa əsərləri məhəbbət lirikasına aid gözəl örnəklərdəndirlər. Şairin məhəbbət lirikasında da tərənnüm, təsvirl\ə bərabər, tənqid yer almışdır. Şair məhəbbətdə düz ilqarı, sədaqət, iffət və vəfanı öndə görərək sevgiyə haram qatan əks xüsusiyyətləri tənqid edir. "Bağışla" şeirində məhz eşqin insanda dəyər verdiyi keyfiyyətlər dilə gətirilmiş, aşiqlik keyfiyyətləri eşqin mahiyyətilə münasibətdə poetik şəkildə işıqlandırılmışdır. Şeirdə kamil, eşqinə sadiq və sədaqətli bir aşiq obrazı əks etdirilmişdir. Şair eşqin qüdrət və təmizlik ruhunu "Sevmək olsaydı" şeirində də bütüb gözəl keyfiyyət və xüsusiyyətlərilə dilə gətirmiş, bir insan qəlbinin dərdi-dili kimi ortaya qoymuşdur:

O oğrun gözlərdən uzaq olmazdım

Təzədən sevilib-sevmək olsaydı.

Nə həsrət çəkərdim, nə qəm yeyərdim

Həyatım bir sənə gərək olsaydı.

Oyan, ey gəncliyim, oyan, xatirəm,

Qaytar bircə anlıq səadətimi.

Xoşbəxtdim, ilahi, mən necə xoşbəxt,

Verməzdim dünyaya məhəbbətimi.

Şairin yaradıcılığında qəzəl janrı da özünəməxsus yer tutur. Xüsusilə məhəbbət mövzusunun öncəlik təşkil etdiyi qəzəlləri arasında "Dünyaya səs salaram. Sən kimi cananım ola", "Bu qədər cövr eləmə, xəcil olarasan, gözəlim", "Könlümü qan eyləmisən", "Könlümü viran elədin", "bilmirəm, aşiqinə sən necə qıydın, gözəlim", "Niyə gəlmir görəsən, yar bizə mehman gecələr", "bülbülün naləsini bağçada güldən soruşun", "Qoca bülbül, bu qədər ahü-fəğan eyləmə gəl" və b. kimi qəzəlləri maraq cəlb edir. Bu qəzəllər ruh etibarilə Nizaminin, Füzulinin, Seyyid Əzim və Əliağa Vahidin qəzəllərinin  təsirini özündə yaşadır.

Şairin "Şaha qurban gedən peşka" poemasında daha çox ictimai-fəlsəfi məzmun üstünlük təşkil edərək bir sıra ictima problem və qayğıları ümumiləşdirmiş, fərdi münasibət ortaya qoymuşdur. Poema müəyyən mənada filosof şair İ.Nəsiminin "Məsnəvi"sini, M.Füzulinin "Leyli və Məcunun" poeması və Xalq şairi M.Arazın "Dünya sənin, dünya mənim" şeirini xatırlatmışdır. Poemada təzadlar, ikiliklər yer almışdır:

İkilər üzərində qurulubdur dünyamız.

Bu üzündə zülmət var, bu üzündə nurumuz,

Bu üzündə ölüm var, bu üzündə toy-büsat.

Bir üzündə məhəbbət, birində bayqu həyat.

Bir üzündə nəşədir, bir üzündə kədər, ah,

Bir üzü qatı gecə, bir üzü aydın sabah.

Niyə belədir, Allah, bu ziddiyyət nədi bəs?

Varlığım da ruhuma kəsilibdir dar qəfəs?

Əsərdə müəllif ciddi fəlsəfi-ictimai məsələləri ritorik suallar vasitəsilə ifadə edərək rənginləşdirir. "Haçandan başlayıb mənəm-mənəmlik?", "Bəs haçan çatacaq nur qələbəsi?", "Haçan həsrətimə qəbir qazacam?" kimi bədii suallardan yola çıxan şair ciddi fəlsəfi, ictimai mətləblər ətrafında düşünəclərə dalaraq insanlıq münasibəti ortaya qoymuşdur.

Azərbaycan xalqının 2020-ci ilin noyabrında qazandığı şanlı qələbə şair Mirkərim Həsrətin də qəlbini cuşa gətirərək ruhuna pərvaz vermişdir. Onun "Azərbaycan", "Şəhid balam Şəhriyar" şeirlərində məhz qələbə duyğuları öz əksini tapmış, Azərbaycanın nail olduğu birlik, suverenlik və böyük Turan yolunda əzəmətli mövqeyi əks edilmiş, tərənnüm olunmuşdur:

Sən Turanın bir parçası, həm şirisən, həm qurdu sən.

Hər bir oğlun, hər bir qızın ərdi bu gün, ər yurdu sən.

Varlığınla sən bütövsən, basılmayan bir ordusan,

Bu ordunun qabağında nə şir durur, nə də aslan,

Xətaimin qılıncından doğulmusan, Azərbaycan!

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31