"Vaşinqton görüşü ABŞ-nin regiondakı geosiyasi maraqlarını gücləndirir" - İlyas Hüseynov - ÖZƏL
15:05 SiyasətAzərbaycan və Ermənistan liderlərinin bu həftə sonu Vaşinqtonda sülh sazişi imzalayacağı gözlənilir. Jurnalist Aleks Raufoğlunun sözlərinə görə, Donald Tramp hər iki liderlə ayrı-ayrılıqda, sonra isə birlikdə görüşəcək. Görüşdə Zəngəzur dəhlizi üzrə ABŞ planı da açıqlana bilər - plana görə, marşruta ABŞ şirkəti nəzarət edəcək. "The Wall Street Journal" yazır ki, Bakı və İrəvan Rusiya təsirindən uzaqlaşaraq ABŞ-lə əməkdaşlığa üstünlük verir.
ABŞ-nin vasitəçiliyi ilə keçiriləcək bu görüş və Trampın bu prosesdə fəallaşması regiondakı geosiyasi maraqlara necə təsir edə bilər?
Mövzu ilə politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda görüşü gözlənilir. Əvvəllər bu cür mesajlar və açıqlamalar təəccüb doğururdu, lakin zaman keçdikcə artıq görüşün keçirilməsinə hazırlığın başladığını deyə bilərik. Çünki bu tipli görüşlər adətən məxfi saxlanılır. Hətta Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən görüşdən bir neçə saat öncə razılıq ifadə olunmuşdu və Azərbaycan tərəfi həmin görüşün keçirilməsini təsdiqləmişdi. Hesab edirəm ki, Ağ Evdəki görüş tarixi əhəmiyyət kəsb edir və Azərbaycanla Ermənistan arasında sülh prosesində siyasi iradə və qətiyyətin ifadə olunduğunu nümayiş etdirəcək. Artıq görüşün formatı ilə bağlı da bir sıra ehtimallar irəli sürülür. Donald Trampın əvvəlcə liderlərlə ayrı-ayrılıqda, daha sonra isə birlikdə görüşəcəyi bildirilmişdir. Hesab edirəm ki, bu formatda görüşün keçirilməsi məqbuldur. Çünki ABŞ-nin həm Azərbaycan, həm də Ermənistanla ayrı-ayrılıqda öz siyasi gündəliyi var. Görüşün üçtərəfli qaydada keçirilməsi isə həm simvolik xarakter daşıyır, həm də bir tərəfdən ABŞ-nin regiondakı maraqlarını ifadə edir, digər tərəfdən isə təhlükəsizlik zəmanəti verməsinə bir işarədir. Eyni zamanda, ABŞ regionda öz maraqlarını güdür və Zəngəzur dəhlizinə təhlükəsizlik nəzarətini təmin etmək niyyəti mövcuddur. Bu barədə əvvəlcə müxtəlif fərziyyələr irəli sürülürdü. Daha sonra ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak öz fikirlərini bölüşdü və hesab edirəm ki, ABŞ-nin regionda təhlükəsizlik zəmanəti verməsi Zəngəzur dəhlizinin dayanıqlı, sağlam və etibarlı şəkildə fəaliyyətə başlamasına səbəb olacaq. Bundan əvvəl də ABŞ-nin regionda birbaşa və dolayı iştirakı ilə uğurlu layihələr reallaşdırılıb. Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrini qeyd edə bilərik. Bu uğurlu nümunələr bizdə ümid yaradır ki, Zəngəzur dəhlizi də etibarlı şəkildə fəaliyyət göstərəcək, Azərbaycanın geosiyasi nüfuzunu daha da gücləndirəcək və bölgədə sülhün daha etibarlı olmasına töhfə verəcək. Eyni zamanda, ABŞ-dəki görüşdən sonra İran və Rusiyanın da fəallaşması ehtimalı yüksəkdir. Amma bu baxımdan ABŞ-nin proseslərdə önə çıxmaq, hazırkı həssas durumdan istifadə edərək öz geosiyasi gücünü bir qədər də artırmaq niyyəti var. Hətta əlavə edərdim ki, Donald Trampın şəxsi maraqları sırasına dünyadakı bütün konfliktlərin həllinə nail olmaq və sülh üzrə Nobel mükafatına layiq görülmək daxildir. Bu, Trampın əsas strateji prioritetləri sırasındadır və hesab edirəm ki, buna da layiqdir. Çünki bir sıra münaqişələrin həllində onun birbaşa iştirakı diqqət çəkir. Məsələn, Azərbaycan problematikasının həllində də Trampın səyləri yüksək qiymətləndirilməlidir. Yetər ki, sülh olsun, bütün dünyada barış hökm sürsün və dövlətlərin birgə yaşayışı, inkişafı, tərəqqisi xalqların rifahı naminə ən önəmli meyar kimi qəbul edilsin".
Zeynəb Mustafazadə