İran-Ermənistan yaxınlaşması: Sülhə dəstək, yoxsa status-kvonun möhkəmləndirilməsi? - ÖZƏL

"İran prezidenti Məsud Pezeşkianın iki həftə ərzində Ermənistana gözlənilən səfəri Tehran üçün həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Bu səfər, İranın Cənubi Qafqazda mövqeyini qorumaq və xüsusilə Ermənistanla münasibətlərini daha da gücləndirmək niyyətinin göstəricisidir. İran uzun illərdir Ermənistanla yaxın əlaqələr saxlayır və bu münasibətləri Cənubi Qafqazda dəyişən reallıqlar çərçivəsində yeni mərhələyə daşımaq istəyir."

Bu fikirləri siyasi şərhçi Polad Mehdiyev Olaylar.az-a açıqlamasında bildirib:

"Rəsmi Tehranın əsas məqsədi bölgədə formalaşan yeni nəqliyyat və geosiyasi xəritədə söz sahibi olmaq, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı planlara qarşı alternativ yollar irəli sürməkdir. İran hesab edir ki, Zəngəzur dəhlizi açılarsa, bu, onun Ermənistan üzərindən keçən mövcud ticarət yollarını zəiflədə bilər. Bu baxımdan Pezeşkianın səfəri İrəvana dəstək nümayişi və Zəngəzur bölgəsində İran-Ermənistan əməkdaşlığını gücləndirmək cəhdi kimi də oxuna bilər.

Bu səfər ölkəmiz tərəfindən diqqətlə izlənilməli olan bir siyasi hadisədir. Əgər İran Ermənistanı sülh danışıqlarında kompromisdən yayındıran, status-kvonu qoruyan bir mövqeyə təşviq edərsə, bu, regionda sabitliyə və sülhə mane olan addım olar. Əksinə, əgər Tehran sülhün reallaşmasına dəstək verərsə, bu, bölgədə əməkdaşlıq üçün yeni imkanlar aça bilər.

Hazırda cənab Prezident İlham Əliyev tərəfindən regionda sabitlik və dayanıqlı sülh naminə konkret addımlar atılır. İranın da bu prosesdə obyektiv mövqe tutması və Ermənistanı sülhə təşviq etməsi regional maraqlara uyğundur. Əks halda, İran-Ermənistan yaxınlaşması, Bakı-Tehran münasibətlərində soyuqluq yarada bilər.

Zənnimcə Azərbaycan bu prosesi sakit, amma prinsipial şəkildə izləyəcək və öz milli maraqlarını qorumaq üçün həm diplomatik, həm də strateji addımlar atmağa davam edəcək."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31