“Qarabağ ssenarisi Ukrayna üçün mümkündürmü?” – Müvəqqəti işğal, daimi dirəniş – ÖZƏL
7 Avqust 13:51 SiyasətÇexiya Prezidenti Petr Pavelin "Suverenlik naminə Ukrayna müvəqqəti işğalı qəbul edə bilər" fikirləri geniş rezonansa səbəb olub. Həmçinin BBC-yə verdiyi müsahibədə o, hazırda Ukraynanın işğal olunmuş əraziləri üzərində nəzarəti bərpa etməsinin qısa müddətdə, böyük itkilərsiz mümkün olmadığını da əlavə edib. Lakin o da vurğulanıb ki, bu torpaqlar heç vaxt Rusiya kimi tanınmayacaq. Pavelin fikirləri əslində beynəlxalq reallığın sərtliyini əks etdirir. Qərb Ukraynanı dəstəkləsə də, bu dəstəyin hüdudları və dözüm həddi var. Ukraynanın isə bir suveren dövlət kimi yaşaması hələ ki, əsas məqsəd kimi qalır - əgər bu, bir hissə ərazinin müvəqqəti itirilməsi bahasına başa gəlirsə belə.
Amma burada diqqətçəkən başqa bir məqam var. Xankəndidə keçirilən media forumda Prezident İlham Əliyev Ukrayna xalqını bir daha işğalla barışmamağa çağırdı. Bu çağırış təkcə həmrəylik jesti deyil, Azərbaycanın öz təcrübəsinə əsaslanan prinsipial mövqeyidir. Azərbaycanın 30 ilə yaxın davam edən işğala qarşı apardığı siyasi və hərbi mübarizə, nəhayət, 2020-ci ildə öz nəticəsini verdi.
Bəs bu model Ukrayna üçün nə qədər keçərlidir? Ukrayna Qarabağ yolunu gedə bilərmi?
"Bəri başdan və bir sözlü cümlə ilə desək: mümkündür... Əlbəttə, bu "mümkünlük" coğrafi paralellərlə yox, mənəvi möhkəmliklə, siyadi iradə ilə, uğurlu zamanlama və tam güvənli müttəfiq faktoru ilə ölçülür. Əgər Qarabağ Azərbaycanın torpaq itkisi olması ilə yanaşı, bir milli heysiyyət yarası, tarixi haqsızlıq və yeni nəsillərin üzərindəki borc idisə - Ukrayna üçün Donbas və Krım da o mahiyyətlə qəbul olunmalıdır".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, CASCFEN İH üzvü Əkbər Qoşalı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Xankəndidə - informasiya tribunalarının yeni qaydalarını diktə etdiyi lll Şuşa Forumunda səsləndirdiyi məlum çağırış, sadəcə Ukrayna xalqına yox, bütövlükdə bəşəri vicdana ünvanlanmış siyasi-mənəvi bəyanatdır: İşğalla heç vaxt barışmayın!
Çexiya Prezidenti Petr Pavelin dedikləri bir dövlət başçısının bəlkə realist (və ya realist görsənən) situasiya incələməsidir. Ancaq tarixə baxdıqda görürük ki, realizm bəzən ruhsuzların, təslimçilərin sığınacağına da çevrilə bilir. "Müvəqqəti işğalı qəbul etmək" - bu, o anlama gəlməməlidir ki, xalq öz haqqından əl çəkdi. Əgər barış, dirənişin içindədirsə, "barış" - illərlə sonra da mümkündür. Qarabağ da bu baxımdan örnəkdir.
Araşdırmaçı-yazar qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn pozulduğu, BMT qətnamələrinin kağız parçasına döndüyü, qlobal güclərin çıxarlarının və ikili standartların toxunduğu bir vaxtda, 44 günlük Zəfərlə həm haqqını geri aldı, həm də gələcəyini qazandı. Ukrayna da bu düşüncə ilə hərəkət etməlidir.
Qarabağ ssenarisi nə idi?
- Təmkin və strateji hazırlıq;
- Milli birliyin qorunması;
- Ordunun gücləndirilməsi;
- Siyasi iradənin və diplomatik çevikliyin paralel gedişi;
- İdeoloji hazırlıq və xalqın ruhunda dirəniş toxumlarının yaşadılması.
Ukrayna da bu kodları oxuya bilsə, illərlə davam edən işğal rejimi, belə deyək, zamanın daş divarları içindən sarsılar və çökər. Şərhçinin fikrincə, burada xəfifə alənmayacaq bir fərq var: Azərbaycanın yanında qardaş Türkiyə vardısa, Ukraynanın arxasında Batı bloku dayanıb. Amma bu "dayanmaq" sözünün içində səmimiyyət yoxdursa, strateji hesablama varsa, o zaman müttəfiqlər də güvənilən dağ olmaya bilir... Bütün Batı bir yerdə bir Türkiyənin yaxud Pakistanın səmimiyyətini gpstərə bilirmi?
Pavelin söylədiyi "qısa müddətdə azad edə bilmir" fikri doğrudursa da, "qısa müddət" uzun tarixə nisbətdə heç nədir.
Bu gün verdiyin imtiyaz - sabah itirdiyin kimlik, nüfuz və vətəndaş inamı ola bilər - olay budur.
"Bəli, Ukrayna üçün Qarabağ ssenarisi mümkündür - əgər ulus ruhən təslim olmazsa, liderlər təzyiqlərə dirənərsə və zamanın fövqündə plan qura bilərlərsə!..
Azərbaycan bu ruhla yaşadı - bu ruhla Zəfər qazandı. Ukrayna da bu ruhu diri tuta bilərsə, "mümkün" deyilən "gerçəklik" olacaq. Bəlkə bu gün yox... Amma illa sabah ya birisigün! Əsas odur, GUAM ortağımız olan dost ölkə qayğı ilə yox, qayə ilə yaşasın." - deyə Ə. Qoşalı sonda əlavə edib.
Слава Україні! - Slava Ukraini!
Səidə Ramazanova