Fransa İsrailin “Eurovision-2026”da iştirakına maneələrin yaradılmasına qarşı çıxdı- ÖZƏL

Fransa İsrailin "Eurovision" mahnı müsabiqəsində iştirakının məhdudlaşdırılmasına qarşı çıxıb və 2026-cı il yarışını boykot etmək barədə qərar verən bir sıra Avropa telekanallarının mövqeyini tənqid edib. Olaylar.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama verib. Nazir bildirib ki, "Eurovision" təzyiqlərə boyun əyməyib və Paris İsrailin yarışdan kənarlaşdırılmasının qarşısının alınmasına kömək edib:
"Məmnunam ki, müsabiqə təzyiqlərə uymadı və Fransa İsrailin 'Eurovision'dan boykot edilməsinin qarşısını almaqda rol oynadı. Bir neçə Avropa telekanalının fərqli qərar verməsi isə təəssüf doğurur," - deyə Barro Telegram kanalında yazıb. Nazir qeyd edib ki, Fransa heç vaxt hansısa xalqı, onun artistlərini və ya yaradıcı şəxslərini boykot etməyəcək.
Barro mədəni əlaqələrin sülhün möhkəmlənməsinə xidmət etdiyini də bildirib:
"Siyasi fikir ayrılıqlarını və hökumətlər arasındakı gərginlikləri qəbul edək. Amma poeziya, kino və musiqi insanları birləşdirməlidir. Dünyanın qəddarlığının insanların şüuruna hakim olmasına və onları bir-birinə qarşı çevirməsinə imkan verməyək."
Qeyd edək ki, bundan əvvəl Avropa Yayım İttifaqı İsrailin "Eurovision-2026"dan kənarlaşdırılmasına dair tələbləri qəbul etməyib. İsrailin Qəzza zolağında hərbi əməliyyatları səbəbilə il ərzində bir neçə Avropa ölkəsi onun müsabiqədən uzaqlaşdırılmasını tələb edirdi.
Bu qərardan sonra Niderlandın NOS, İrlandiyanın RTE və İspaniyanın RTVE kanalları "Eurovision-2026"nın yayımından imtina etdiklərini açıqlayıblar. Avstriyanın OE24 telekanalının məlumatına görə, Sloveniya da boykota qoşulub. Belçika və Portuqaliya isə hələlik öz nümayəndələrinin Vyanaya göndərilib-göndərilməməsi barədə müzakirələr aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31