Almaniya kansleri: “Dondurulmuş Rusiya aktivləri Ukraynaya verilməlidir, ABŞ-yə yox” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Avropa İttifaqında saxlanılan dondurulmuş Rusiya aktivləri ABŞ-yə deyil, Ukraynaya yönləndirilməlidir. Onun sözlərinə görə, Vaşinqtonda müəyyən dairələr bu aktivlərdən iqtisadi fayda əldə etməyə çalışır.

"Bu vəsait Ukraynaya verilməlidir", - deyə Merz bildirib və əlavə edib ki, Ukrayna qışı keçirmək və qarşıdakı 2-3 il ərzində maliyyə ehtiyaclarını qarşılamaq üçün ciddi yardıma ehtiyac duyur. Kanslerin sözlərinə görə, Avropa bu vəsaitləri ABŞ-yə köçürmək niyyətində deyil və bu barədə ABŞ hökumətinin də məlumatı var.

Bundan əlavə, Merz bu gün Belçika baş naziri Bart de Veber və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə görüşəcək. Görüşdə dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya reparasiya krediti verilməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, dondurulmuş aktivlərin böyük hissəsi, təxminən 189 milyard avro Belçikada saxlanılır və Brüssel Avropa Komissiyasının bu aktivlər hesabına kredit ayrılması planını dəstəkləmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31