Azərbaycan mediası Gürcüstanın aparıcı media qurumlarının təmsilçiləri ilə birlikdə fikir mübadiləsini lazımlı hesab edir - Əhməd İsmayılov
10:34 DünyaBu gün Azərbaycan mediası həm tarixi irsinə sadiq qalaraq, həm də qlobal informasiya mühitinin çağırışlarını əsas götürərək Gürcüstanın aparıcı media qurumlarının təmsilçiləri, media ekspertləri ilə birlikdə fikir mübadiləsini lazımlı hesab edir.
Olaylar.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
İlk dəfə olaraq birlikdə media forum keçirildiyini dilə gətirən Ə.İsmayılov bildirib ki, bu, tarixdən güc alan əməkdaşlığın növbəti uğurlu mərhələsinin əsasını təşkil edəcək və praktik əhəmiyyəti baxımından ölkələrin media mühitinə ciddi töhfə verəcək:
"Müasir informasiya mühiti sürətlə dəyişir və bu dəyişikliklər həm dövlətlər, həm də cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır. Rəqəmsal texnologiyaların inkişafı, sosial media platformalarının genişlənməsi və informasiya axınının sürətlənməsi medianın məsuliyyətini, peşəkarlıq standartlarını və ictimai etimadda oynadığı rolu daha da artırır.
Bu baxımdan, forumun əsas mövzusu xüsusilə aktualdır. Çünki sağlam informasiya mühiti və ona güvənən cəmiyyət yalnız peşəkar jurnalistika fəaliyyətinin və effektiv informasiya təhlükəsizliyi siyasətinin vəhdəti ilə mümkündür".