Zelenskinin İrlandiya səfəri zamanı təyyarə yaxınlığında dronlar aşkarlanıb- ÖZƏL
10:32 DünyaUkrayna Prezidenti Volodimir Zelenskinin İrlandiyaya səfəri zamanı onun təyyarəsi yaxınlığında naməlum dronların uçuşu qeydə alınıb. Olaylar.az xəbər verir ki, əlumatı prezidentin kommunikasiya üzrə müşaviri Dmitri Litvin təsdiqləyib.
Litvin jurnalistlərə açıqlamasında bildirib ki, təhlükəsizliyə cavabdeh olan İrlandiya tərəfi dronların mövcudluğunu təsdiqləyib:
"Onların məlumatına görə, həqiqətən belə dronlar olub. Lakin bu, səfərə təsir göstərməyib və proqramda hər hansı dəyişiklik etməyə ehtiyac yaranmayıb."
Hadisə barədə ilk olaraq dekabrın 4-də İrlandiyanın The Journal nəşri yazmışdı. Nəşrin məlumatına görə, Zelenskinin təyyarəsi Dublinə endikdən bir neçə dəqiqə sonra hava limanı yaxınlığında dörd naməlum PUA müşahidə olunub. Dronların Dublin şəhərinin şimal-şərqindən havaya qalxdığı, təqribən iki saat havada qaldığı bildirilir.
Mənbələrin sözlərinə görə, PUA-lar Zelenskinin təyyarəsinin uçuş marşrutuna uyğun istiqamətdə hərəkət edib. Lakin prezidentin reysi cədvəldən əvvəl endiyi üçün mümkün risk yaranmayıb.