Ermənistan məhkəməsinin arxiyepiskop Arşak Xaçatryanı həbs edəcəyi gözlənilir – ÖZƏL
10:31 DünyaErmənistanın Eçmiədzin Baş katibliyinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın həbsi ilə bağlı birbaşa sübutlar olmasa da, onun iki aylıq həbs-qətimkan tədbiri alacağına şübhə yoxdur.
Olaylar.az xəbər verir ki, bu barədə hüquqşünas Arsen Babayan məhkəmə binası qarşısında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, işə baxan hakim Masis Melkonyandan fərqli qərar gözlənilmir. Məhz o, daha əvvəl "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı və Şirak Eparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapahyanı həbsə göndərmişdi.
Babayan qeyd edib ki, Xaçatryanın ittiham olunduğu hadisə üzrə yalnız bir neçə şəxsin fərziyyəsi var, guya 2018-ci ildə bir aksiya iştirakçısının çantasına narkotik maddələr onun göstərişi ilə yerləşdirilib. Hüquqşünas bunun əsassız olduğunu bildirir və vurğulayır ki, ittiham maddəsi (narkotik satışı) ümumiyyətlə istintaqın təsvir etdiyi epizoda uyğun gəlmir.
Müdafiə tərəfi hesab edir ki, arxiyepiskopun həbsi hakimiyyətin anti-kilsə kampaniyasının tərkib hissəsidir. Xaçatryan 4 dekabrda saxlanılıb.