Tramp Qəzzada sülh planının ikinci mərhələsini elan edəcək

ABŞ Prezidenti Donald Tramp dekabrın 25-dək Qəzza sülh planının ikinci mərhələsinin başlandığını elan etməyi planlaşdırır.

Olaylar.az xəbər verir ki, məlumatı Axios yayıb. ABŞ rəsmi mənbələrinə görə, Amerika lideri "Milad bayramından əvvəl Qəzza sülh prosesinin ikinci mərhələsinə qədəm qoyduğunu elan etmək və anklavı idarə etmək üçün yeni bir struktur təqdim etmək" niyyətindədir. Trampın bu addımları müzakirə etmək üçün dekabrın sonuna qədər İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşməsi gözlənilir.

Nəşrin məlumatına görə, planın ikinci mərhələsinə İsrail qoşunlarının Qəzza zolağından çıxarılması, oraya "beynəlxalq sabitləşdirmə qüvvəsi"nin yerləşdirilməsi və "Sülh Şurası" da daxil olmaqla, anklavı idarə etmək üçün strukturların işə başlaması daxildir. Portal qeyd edir ki, planın birinci mərhələsinin əsas elementi - Fələstin HƏMAS hərəkatı tərəfindən bütün qaçırılanların azad edilməsi və girovların qalıqlarının qaytarılması - demək olar ki, tamamlanıb.

Axios-a görə, "Sülh Şurası"na "təxminən on iki Qərb və Ərəb lideri" daxil olacaq. Ona Britaniyanın keçmiş Baş naziri Toni Bleyer, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff, Trampın kürəkəni Cared Kuşner və bir neçə başqa şəxsin daxil olacağı icra komitəsi nəzarət edəcək. Nəşrdə qeyd olunur ki, "texnokratlar da daxil olmaqla, Fələstin hökuməti komitənin rəhbərliyi altında fəaliyyət göstərəcək". Buraya "idarəetmə və biznes təcrübəsi olan və HƏMAS, FƏTH və ya digər Fələstin partiyaları və ya fraksiyaları ilə əlaqəsi olmayan 12-15 fələstinli" daxil olacaq. Mənbələrə görə, ABŞ hazırda bu hökumətin formalaşdırılması ilə bağlı məsələlərdə İsrail, Fələstin Milli Hakimiyyəti (FMH) və regional ölkələrlə əlaqələndirmənin "son mərhələsindədir".

Portala görə, Azərbaycan, Misir, İndoneziya və Türkiyə, digərləri ilə yanaşı, hərbi qulluqçularının beynəlxalq sabitləşdirmə qüvvələrində iştirakına razılıq veriblər. ABŞ, Qətər və Türkiyənin nümayəndələri HƏMAS ilə hərəkatın tərksilah edilməsi və Qəzza zolağı üzərində nəzarətinin azaldılması ilə bağlı razılaşmaları müzakirə edirlər.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31