ABŞ F-18 itkilərini “hərbi stress”lə izah etdi- ÖZƏL 

ABŞ Hərbi Dəniz Qüvvələri bu ilin yazında Yəməndə husilərə qarşı əməliyyatlar zamanı baş verən iki F-18 qırıcısının itkisini hərbi personalın "əhəmiyyətli dərəcədə yorğunluğu və stressi" ilə əlaqələndirib. Olaylar.az xəbər verir ki, bu barədə CBS telekanalı aparılan rəsmi araşdırmaya istinadən məlumat yayıb.
Məlumata görə, aprel-may aylarında aviadaşıyıcı USS Harry S. Trumanın döyüş qrupunda bir neçə insident qeydə alınıb. Araşdırma göstərib ki, F/A-18E tipli qırıcılardan biri yedəkləmə zamanı suya düşüb, digər təyyarə isə aerofinişer sistemindəki nasazlıq səbəbindən göyərtəyə eniş zamanı dənizə çırpılıb. Həmçinin, döyüş qrupuna aid gəmilər tərəfindən öz təyyarələrinə bir neçə dəfə "dost atəşi" açıldığı da müəyyən edilib. Hadisələr nəticəsində ciddi xəsarət alan olmayıb.
Sənəddə qeyd olunur ki, USS Harry S. Truman əməliyyatı çərçivəsində təyyarələr ümumilikdə 52 gün havada olub, bunun 72 saatı fasiləsiz uçuşlarla müşayiət edilib və husilərə 1 000-dən çox hava zərbəsi endirilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələri bildiriblər ki, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tövsiyələr hazırlanıb və şəxsi heyət üçün yeni təlimatlar tətbiq olunub. Rəsmi açıqlamada vurğulanır ki, baş verən bütün insidentlərin qarşısını almaq mümkün idi.
Qeyd edək ki, əməliyyat zamanı Yəməndəki "Ənsar Allah" hərəkatına aid husilərin ABŞ-ın iki qırıcısını öz hücumları nəticəsində vurduqları barədə iddiaları yayılmışdı. ABŞ tərəfi bu iddiaları təsdiqləmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31