60 milyon dollarlıq jet, milyardlıq depozit: Peskov ailəsinin lüks həyatı haqqında son məlumatlar heyrət doğurdu

Müharibənin ilk üç ili ərzində Peskov və həyat yoldaşı Navkanın depozitlərdəki yığımları 2,5 milyard rubla çatıb. Lakin Peskov şəxsi səfərlərə öz hesabına deyil, aqrar oliqarxın biznes-jeti ilə uçur.

Musavat.com xəbər verir ki, Rusiyanın müxalif mediası Kremlin sözcüsü ilə bağlı maraqlı məlumatlar əldə edib.

25 milyon rubl dəyərində saatlar

Putinin mətbuat katibi Peskov A. Lange & Söhne Lange, Breguet və Zenith kimi markalara məxsus xronometrlərə sahibdir. Zenith saatları isə ümumiyyətlə zərgərlik sinfindəndir: onların bezeli brilyantlarla bəzədilib, kəməri isə mavi timsah dərisindəndir. Məlum gəlirlərinə əsasən, Peskovun bu qədər saat almaq üçün iki il ərzində maaşının hamısını yalnız saatlara xərcləməsi lazım olardı.

Peskovun həyat yoldaşı - milyoner sayılır

VTB bankındakı sızdırılmış məlumatlara görə, Tatyana Navkanın depozit hesablarında təxminən 2,4 milyard rubl (31 milyon 128 min dollar) saxlanılır. Halbuki son 15 ildə onun rəsmi gəliri bunun iki dəfə azı - 1,3 milyard rubl (16 milyon 861 min dollar) təşkil edib.

2015-ci ilə qədər Navka ildə cəmi 2-5 milyon rubl qazanıb və gəliri hətta Peskovunkundan da az idi. Lakin 2015-ci ildən sonra onun gəlirləri kəskin artdı və o, ildə 89-220 milyon rubl qazanmağa başladı. Təkcə bu il o, 80 milyon rubl prezident qrantı alıb.

Biznes-jetlə səfərlər

Araşdırmaya görə, Peskov istirahət üçün Bombardier Global (RA-73573) təyyarəsi ilə uçur. Bu laynerin dəyəri 60 milyon dollardır.

"Vyorstka" nəşrinin məlumatına əsasən, təyyarənin sahibi sabiq kənd təsərrüfatı naziri, hazırda isə oliqarx olan Aleksandr Tkaçovdur. Tkaçov bu gün Rusiyanın ən böyük torpaq sahiblərindən biridir - onun şirkəti işğal olunmuş Donetsk və Luqansk ərazilərində 160 min hektar torpağı ələ keçirib.

2 milyard rublluq daşınmaz əmlak

Peskov və Navka böyük həcmdə əmlaklara sahibdirlər: "Oko" qülləsində aparts, Rublyovkada ev, Moskvanın mərkəzində bir neçə mənzil, həmçinin Soçidə daşınmaz əmlak.

Rosreestr məlumatına görə, Peskov 112 kvadratmetrlik premium "İdeal House" yaşayış kompleksindəki mənzili hələ 2011-ci ildə alıb. Peskovun Soçi mənzili Putin rezidensiyasından cəmi 8 km məsafədədir.

Oğul - Peterburq forumunun təşkilatçısı

Peskovun oğlu Nikolay Peskov (Çoulz) 2023-cü ilin oktyabrından Putinin sərəncamı ilə yaradılmış "Roskonqress" fondunda çalışır. O, layihə direktorunun müşaviri vəzifəsini tutur və ayda 100-200 min rubl maaş alır. Məhz bu qurum Putinin sevdiyi Peterburq İqtisadi Forumunu təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31