Latın Amerikası silkələnir: ABŞ yeni plan tətbiq edəcək

ABŞ-nin Venesueladakı gərginliyi daha da artıracağı və yerüstü hədəfləri vurmağa başlayacağı ilə bağlı ehtimallar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Qərb ekspertləri hesab edir ki, yerüstü əməliyyatlara başlanılması Venesuela prezidentinin vəzifədən uzaqlaşdırılması məqsədini daşıyır. Bu yanaşmaya görə, Tramp Maduronun vəzifədə qalmasında maraqlı deyil və Venesuala dövlətinin başına Amerikaya yaxın adamın gəlməsində israrlıdır. 

Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Venesuelada yerüstü hədəflərə zərbələri genişləndirməsi artıq prosesin sırf siyasi təzyiq mərhələsindən hərbi-siyasi fazaya keçdiyini göstərir:

"Bu addım Vaşinqtonun yalnız sanksiyalarla deyil, birbaşa güc vasitəsilə də təsir göstərmək niyyətində olduğunu ortaya qoyur. ABŞ üçün əsas məqsədlərdən biri Karakasda öz maraqlarına daha uyğun siyasi idarəetmənin formalaşmasıdır". 

Politoloq qeyd edib ki, Venesuela dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarından birinə malikdir və bu resursların qlobal enerji bazarına inteqrasiyası strateji əhəmiyyət daşıyır:

"Hakimiyyət dəyişikliyi zamanı ABŞ enerji təhlükəsizliyi baxımından uzunmüddətli üstünlük əldə etməyə çalışa bilər. Eyni zamanda Latın Amerikası regionunda geosiyasi nüfuz balansı Vaşinqtonun xeyrinə dəyişə bilər". 

Müsahibimiz bildirib ki, ABŞ üçün bu proses həm də Rusiya və Çin kimi aktorların Venesueladakı təsirinin zəiflədilməsi anlamına gəlir:

"Digər tərəfdən, hakimiyyət dəyişikliyi Venesuela daxilində siyasi sabitliyin avtomatik bərpasına zəmanət vermir. Ölkədə dərin sosial-iqtisadi böhran, zəif institutlar və parçalanmış siyasi mühit mövcuddur. Xarici müdaxilə fonunda formalaşacaq yeni hakimiyyətin legitimliyi sual altına düşə bilər". 

T. İsmayılov vurğulayıb ki, regional miqyasda isə proses yeni miqrasiya dalğalarına və təhlükəsizlik risklərinə yol aça bilər:

"ABŞ üçün qısamüddətli strateji qazanc uzunmüddətli siyasi məsuliyyətlə müşayiət oluna bilər. Venesuela üçün əsas risk dövlətçiliyin daha da zəifləməsi və idarəolunmazlıq təhlükəsidir. Nəticə etibarilə, mümkün hakimiyyət dəyişikliyi nə ABŞ üçün risksiz uğur, nə də Venesuela üçün avtomatik çıxış yolu kimi qiymətləndirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31