Taliblər 13 yaşlı uşağı ailəsini qətlə yetirən şəxsi edam etməyə məcbur etdi- 80 minlik stadionda dəhşətli “şou”

Əfqanıstanın Host vilayətində "Taliban"ın təşkil etdiyi ictimai edam dünya ictimaiyyətində ciddi rezonans doğurub.

Olaylar.az xəbər verir ki, məlumata görə, radikal hərəkat 13 yaşlı bir oğlanı onun 13 qohumunu- o cümlədən qadın və uşaqları- qətlə yetirən şəxsi şəxsən edam etməyə məcbur edib.

Məhkum edilmiş Manqal adlı şəxs şəriətin "qisas" prinsipinə ("gözü-gözünə") əsasən ölüm hökmünə məhkum olunub. Oğlanın ailəsi qatilə bağışlama hüququndan imtina etdikdən sonra hökm qüvvəyə minib. Edam qərarı bütün Əfqanıstan məhkəmələri və Taliban lideri Heybətullah Axundzadə tərəfindən təsdiqlənib.

Hadisə təxminən 80 min insanın toplandığı stadionda baş verib. Kütləvi tamaşa xarakteri daşıyan edam beynəlxalq təşkilatların kəskin reaksiyasına səbəb olub.

BMT bu addımı "son dərəcə qəddar, qeyri-insani və beynəlxalq hüququn açıq pozuntusu" adlandırıb.

"Taliban" 2021-ci ildə hakimiyyətə qayıtdıqdan bəri bu, artıq 11-ci ictimai edamdır. Hərəkatın tətbiq etdiyi şəriət cəzalarına görə qətl, zina və ya oğurluq kimi əməllərdə təqsirləndirilən şəxslər güllələnmə, amputasiya və ya qamçı ilə cəzalandırıla bilər. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31