Epşteynin gizli eyş-işrət məclisləri keçirdiyi adadan görünməmiş kadrlar yayıldı – FOTOLAR
12:45 DünyaABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratlar uzun illər gizli saxlanılan, insan alveri və seksual istismar ittihamları ilə yadda qalan Cefri Epşteynin məşhur "Little St. James" adasından yeni, daha əvvəl heç vaxt yayımlanmamış görüntüləri ictimaiyyətə təqdim ediblər.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, sənədlər və vizual materiallar Epşteyn imperiyasının qapalı qalan dünyasına pəncərə açır.
Komitənin demokrat lideri Robert Qarsia açıqlamasında yayılan materialları "Epşteynin dünyasına narahatedici baxış" adlandırıb. Deyib ki, məqsəd cəmiyyət qarşısında tam şəffaflığı təmin etməkdir. Onun sözlərinə görə, bu foto və videolar ABŞ Virgin adalarının baş prokurorluğuna göndərilən məlumat sorğusundan sonra əldə olunub.
Yayılan görüntülərdə Epşteynin villasında bir neçə yataq otağı, sirli maskalarla dolu otaq, üzərində həqiqət, aldatma, güc kimi sözlərin yazıldığı qara lövhə, stomatoloji kreslo var. Xüsusilə maskalarla bəzədilmiş divar və sürətli yığım düymələrində adlar yazılmış stasionar telefon istintaqçılar üçün yeni suallar yaradır.
2020-ci ildə çəkildiyi müəyyən olunan kadrlar Epşteynin ölümündən sonra evin yığışdırılmış vəziyyətdə olduğunu göstərir. Mebel yığılıb, divarlardakı əsərlər çıxarılıb, bəzi otaqlar isə tam boşaldılıb. Amma yenə də təsvirlər adada uzun illər davam edən qanunsuz fəaliyyətlərin izlərini hiss etdirir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da "Epşteyn işi" ilə bağlı hökumət sənədlərinin açıqlanmasını tələb edən qanun layihəsini imzalayıb. Bu addım aylarla davam edən siyasi-ictimai təzyiqin nəticəsi olub. Qanun Ədliyyə Departamentinə bütün materialları axtarıla bilən və endirilə bilən formatda 19 dekabr tarixinə qədər ictimaiyyətə təqdim etməyi əmr edir. Lakin burada mühüm məhdudiyyət var. Departament aktiv istintaqlara xələl gətirə biləcək sənədləri müvəqqəti olaraq saxlamaya bilər. Tramp isə Epşteynin əlaqələrini, xüsusilə Bill Klinton və keçmiş maliyyə naziri Larri Samerslə münasibətlərini araşdırmaq üçün əlavə göstərişlər verib. Bu isə sənədlərin vaxtında açıqlanması ilə bağlı suallar doğurur.
Komitə daha sonra ikinci paket materialı təqribən 200 foto və bir neçə video yayımladı. Yeni görüntülərdə xurma ağacları ilə əhatələnmiş hovuz, okeana açılan yol, oxatan fiqurlu heykəllər, şəxsi əşyalar, şampun-kondisioner kolleksiyaları, sənət əsərləri və heykəllər görünür. Şok doğuran kadrlar arasında Epşteyn və Gislaine Maksellin Papa II İohann Pavellə görüşü zamanı çəkilmiş foto da yer alır.
2022-ci ildə ABŞ Virgin adalarının baş prokuroru yerli hakimiyyətlərin iddialarını təsdiq edərək bildirmişdi ki, Epşteynin adalarında onlarla gənc qadın və uşaq insan alverinə, zorakılığa və təcavüzə məruz qalıb. ABŞ hökuməti məsələ ilə bağlı 105 milyon dollarlıq razılaşmaya nail olmuşdu. Little St. James adası Epşteynin gizli şəbəkəsinin əsas mərkəzi kimi tanınırdı.
Qarsia bildirib ki, Komitə artıq JP Morgan və Deutsche Bank-dan sənədlər alıb və yaxın günlərdə onların da açıqlanacağını gözləyir. Xatırladaq ki, hər iki maliyyə qurumu Epşteynin illərlə davam edən fəaliyyətinə "göz yummaqda" ittiham edilirdi. Bu sənədlərin yayımlanması Epşteyn şəbəkəsinin siyasi, maliyyə və beynəlxalq miqyasını tam çılpaq şəkildə ortaya çıxara bilər. Konqresin yayımladığı görüntülər Epşteyn cinayətlərinin daha geniş miqyasda araşdırılmasına yeni təkan verir. Tramp administrasiyası isə indi ciddi sınaq qarşısındadır: ABŞ cəmiyyəti onlarca sualı cavabsız qoyan bu qaranlıq dosyenin gecikmədən tam şəkildə açıqlanmasını tələb edir. (Musavat.com)



