Britaniya Brexit-dən sonra Aİ ilə münasibətləri yaxınlaşdırmağa hazırlaşır – ÖZƏL

Böyük Britaniya iqtisadiyyata Brexit-in mənfi təsirləri fonunda Avropa İttifaqı ilə münasibətləri yaxınlaşdırmağa başlayacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer Londonda ölkənin iqtisadi vəziyyətinə həsr olunmuş çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, mövcud Brexit sazişi Britaniya iqtisadiyyatına ciddi ziyan vurub və iqtisadi dirçəliş üçün Londonla Brüssel arasında gərginliklərin azaldılması vacibdir.

"Reallığı qəbul etməliyik. Mövcud Brexit müqaviləsi iqtisadiyyatımıza əhəmiyyətli zərər yetirib. Buna görə də iqtisadi bərpa üçün biz gərginlikləri azaltmalı və Aİ ilə daha yaxın münasibətlərə doğru addımlamalıyıq. Yetkinlik nümayiş etdirməli və bunun qarşılıqlı güzəştlər tələb edəcəyini qəbul etməliyik", - Starmer Sky News-un canlı yayımı zamanı deyib.

Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 23 iyun 2016-cı ildə keçirilib. Səs verənlərin 51,9%-i çıxışın, 48,1%-i isə qalmağın tərəfdarı olub. Uzunmüddətli danışıqlardan sonra London 1 fevral 2020-ci il tarixində rəsmi şəkildə Aİ-ni tərk edib.

1 yanvar 2021-ci ildə Brexit sonrası keçid dövrü başa çatıb və həmin vaxta qədər ölkədə Aİ normaları qüvvədə qalırdı. 2020-ci ilin dekabrında tərəflər post-Brexit münasibətlərinə dair saziş imzalayaraq, kvotalar və tariflər olmadan azad ticarət zonasının yaradılmasını və qarşılıqlı vizasız girişin 90 günə qədər mümkün olmasını razılaşdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31