Karapetyan hökumətin planlarını alt-üst etdi: "Ermənistan yeni borclara girməli olacaq" – ÖZƏL
12:27 DünyaHəbsdə olan iş adamı Samvel Karapetyan Ermənistan hakimiyyəti ilə sövdələşməyə getməkdən imtina edib və bununla da onların planlarını alt-üst edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Elektrik Şəbəkələri Ermənistan"ın ("EŞE") keçmiş icraçı direktoru vəzifəsini icra edən David Kazinyan jurnalistlərə açıqlama verib: "Karapetyanın sövdələşməyə getməməsindən sonra hakimiyyət başqa yola əl atıb, yəni şirkətin milliləşdirilməsi prosesini sürətləndirib".
Kazinyanın fikrincə, iddia edilən milliləşdirmə prosesi dövlətə yüz milyonlarla dollara başa gələcək. Hakimiyyət sahibkara pul ödəmək üçün yeni borclara girməli olacaq, bu isə vergi ödəyicilərinin üzərinə əlavə maliyyə yükü deməkdir.
Keçmiş rəhbər iddia edir ki, bütün bu proses "siyasi qisas" zəminində başlayıb və şirkətdə heç bir böhran yox idi.
Qeyd edək ki, 17 Noyabr tarixində İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası (İXTK) "EŞE"nin sahibləri olan "Taşir Kapital" şirkətinin lisenziyasını ləğv edib. Dövlət və şirkət sahibləri 3 ay ərzində əmlakın təhvil verilməsi barədə razılığa gəlməlidirlər.
Stokholm Arbitrajı 22 İyul tarixində Ermənistan parlamentinin qəbul etdiyi və milliləşdirməni nəzərdə tutan qanun layihələrinin icrasını dayandırıb, lakin Ermənistan hökuməti beynəlxalq arbitrajın qərarının icrasının məcburi olmadığını bildirib.
"EŞE" 2016-cı ildən Rusiya-Erməni iş adamı Samvel Karapetyana məxsus "Taşir" Şirkətlər Qrupuna aid idi.