Xəzəryanı ölkələrlə əməkdaşlıq prioritetdir – İranlı nazir
11:57 DünyaXəzəryanı ölkələrlə əməkdaşlıq və əlaqələrin inkişaf etdirilməsi İran üçün proritetdir.
Olaylar.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (18 noyabr) İranın Rəşt şəhərində keçirilən Xəzəryanı ölkələrin beynəlxalq forumunda deyib.
Onun sözlərinə görə, İran üçün Fars körfəzi qədər Xəzər dənizi böyük əhəmiyyət kəsb edir. İranın Xəzəryanı ölkələrlə strateji və məqsədyönlü münasibətləri var.
Araqçi bildirib ki, İran və Rusiya arasında çox yaxın siyasi və iqtisadi əlaqələr, Azərbaycan, Qazaxıstan və Türkmənistanla konstruktiv əməkdaşlıq Xəzəryanı ölkələrin xüsusi əhəmiyyəti və regional əməkdaşlığın inkişafında İranın əsaslı rolunu əks etdirir.
"İlk dəfə keçirilən sahilyanı idarəetmə qurumları rəhbərlərinin forumu Xəzəryanı ölkələr arasında iqtisadi, siyasi, mədəni və ətraf mühit əlaqələrinin möhkəmləndirilməsi üçün dəyərli fürsət yarada bilər", - deyə o bildirib.
İranlı nazir qeyd edib ki, forum iqtisadi, turizm, nəqliyyat və enerji sahələrində birgə potensialların müəyyənləşməsi və ondan faydalanmaq istiqamətində imkanlar yaradır və sahilyanı bölgələr birgə turizm məqsədlərinə çevrilə bilər.
Araqçi əlavə edib ki, Xəzər dənizinin davamlı şəkildə idarə olunması, iqtisadi və nəqliyyat potensiallarından istifadə edilməsi uzunmüddətli inkişafın şərtidir.
Qeyd edək ki, bu gün İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində 2 günlük Xəzəryanı ölkələrin forumu işə başlayıb.