Stubb bildirib ki, Avropa Rusiya ilə birbaşa danışıqlar aparmalı olacaq- ÖZƏL
10:58 DünyaFinlandiya Prezidenti Aleksander Stubb bildirib ki, Ukrayna münaqişəsinin həlli prosesinin müəyyən mərhələsində Avropa ölkələri Rusiya ilə birbaşa danışıqlar aparmağa məcbur qalacaqlar. Olaylar.az xəbər verir ki, bu barədə o, 17 noyabrda Politico nəşrinə verdiyi müsahibədə danışıb.
Stubbun sözlərinə görə, belə bir dialoqun başlanması zamanı "mütləq koordinasiyaya ehtiyac olacaq". O, ABŞ-ın danışıqlardakı aparıcı rolundan razı qaldığını qeyd edib və Vaşinqtonu Rusiyaya qarşı yeni sanksiya paketini qəbul etməyə çağırıb. "Növbəti addım sanksiyalar olmalıdır - ABŞ Senatının yeni sanksiya paketi," - deyə Finlandiya lideri vurğulayıb.
Finlandiya prezidenti hazırkı mərhələdə Ukraynada atəşkəsin mümkün olmadığını da bildirib. Onun sözlərinə görə, 14 noyabrda Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də son həftələrdə amerikalı və avropalı tərəfdaşlarla apardığı danışıqlar vəziyyətin buna imkan vermədiyini göstərir.
Qeyd edək ki, daha əvvəl Reuters agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsini imzalamağa hazırdır. Buna yalnız o şərtlə razıdır ki, sanksiyaların tətbiqi ilə bağlı son söz prezidentin özü tərəfindən verilsin.
Söhbət Senatın iki partiyalı qrupunun təqdim etdiyi təşəbbüsdən gedir. Sənədin müəllifləri - senator Lindsi Qrem və Riçard Blumental - Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini, o cümlədən Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən ABŞ-a idxalda 500%-lik gömrük rüsumlarının tətbiqini təklif edirlər.