ABŞ-li diplomat: “Münasibətlərin normallaşması Cənubi Qafqaz üçün çox önəmlidir”
10:49 Dünya"Donald Tramp öz diqqətini Cənubi Qafqaza yönəldib. Bu ilin avqustunda sülh sazişinin paraflanması onu göstərir ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla münasibətləri normallaşdırmağa çalışır".
Olaylar.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda çıxışı zamanı Atlantik Şuranın Avrasiya mərkəzinin direktoru, ABŞ-nin Ukraynadakı keçmiş səfiri Con Herbst bildirib.
O qeyd edib ki, SSRİ-nin süqutundan sonra Moskva geosiyasi cəhətdən silahlı qüvvələrinin post-sovet ölkələrindən çıxmasını narahatlıqla qarşıladı:
"Strateji dəhlizin yaradılması, TRIPP layihəsi olduqca mühümdür. Daha da önəmlisi, Bakı və İrəvan qarşılıqlı güzəşt əldə edə bilməlidir. Geosiyasi maraqlar dəyişib. Eyni zamanda siyasi elita üçün yerli şərait nəzərə alınmalıdır. Münasibətlərin normallaşması Cənubi Qafqaz üçün çox önəmlidir. Münaqişə illərlə davam etdiyi üçün müəyyən məsələlərin həlli asan deyil.
Mən bu prosesi çox diqqətlə izləmişəm. Rəsmi olmasa da, Vaşinqtonda Moskvanın mənfi təsirindən danışırdım. Cənab Hafiz Paşayevlə də də bu barədə danışmışıq. Rusların nə istədiyini hamı başa düşürdü".
Diplomat vurğulayıb ki, Azərbaycan təyyarəsinin vurulması, Rusiya hakimiyyətinin iş adamlarına xoşagəlməz münasibətləri göz önündədir:
"ABŞ-Azərbaycan münasibətləri ön plana çıxıb. Bakının Ankara ilə münasibətlərinə də diqqət etmək lazımdır. Ərdoğan asan tərəfdaş deyil. ABŞ ilə maraqlar üst-üstə düşdüyü üçün qarşılıqlı əlaqələrə nəzər yetirməliyik".