Obamanın xanımından şok iddia - “ABŞ-da qadın prezident olmayacaq, çünki...”

"Demokratiyanın beşiyi" sayılan ölkədə doğrudanmı patriarxal ənənə  yaşayır?

ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama hesab edir ki, Amerika hələ də qadının ölkəyə rəhbərlik etməsinə psixoloji cəhətdən hazır deyil. O, bu fikirlərini aktrisa Treysi Ellis Rossla söhbətində bölüşüb. Obama bildirib ki, son prezident seçkisi cəmiyyətin hazır olmadığını  göstərib və buna görə də 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətində deyil. "Son seçkilərdə gördüyümüz kimi, təəssüf ki, hazır deyilik. Ona görə də prezidentliyə namizədliyim barədə diqqəti mənə yönəltməyin. Siz qadın prezidentə hazır deyilsiniz", - deyə Obama vurğulayıb və əsas problemin qadın lideri qəbul edə bilməyən kişilərdə olduğunu bildirib. Həmçinin əlavə edib ki, Amerika cəmiyyəti əvvəlcə böyüməli, yetkinləşməlidir. Belədirmi?

"Demokratiyanın beşiyi" sayılan ABŞ-də doğrudanmı patriarxal ənənə  yaşayır? Ümumiyyətlə, dünyada qadın liderlər niyə azdır?

Mişel Obamanın səsləndirdiyi fikirlər Vaşinqton siyasi dairələrində böyük rezonans doğurub.

Kamran Məmmədli: "Bu müharibə hələ çox davam edəcək və dünyanı daha böyük  fəlakətlərlə üz-üzə qoyacaq" Pravda.az

 Kamran Məmmədli

Siyasi şərhçi Kamran Məmmədli "Yeni Müsavat"a deyib ki, bu bəyanat bir tərəfdən "demokratiyanın beşiyi" kimi təqdim olunan ölkə üçün utancverici görünür, digər tərəfdən isə reallıqları çılpaq şəkildə üzə çıxarır: "Mişel Obama deyib ki, son seçkilər cəmiyyətin qadın lider ideyasını qəbul etməkdə çətinlik çəkdiyini göstərdi. Məhz bu səbəbdən o, 2028-ci il seçkilərində namizəd olmaq niyyətində deyil. Onun sözlərinə görə, əsas maneə ABŞ kişilərinin qadın liderə qarşı psixoloji müqavimətidir. Bu, təkcə şəxsi fikir deyil, həm siyasi tendensiyalara, həm də tarixi faktlara əsaslanan sərt mülahizədir. Fakt budur ki, 220 ildən çoxdur dünyanın ən güclü dövlətinə bir dəfə də olsun qadın rəhbərlik etməyib. Bu ölkədə afroamerikalı prezident olub, yəhudi əsilli namizədlər irəli sürülüb, müxtəlif etnik və dini mənsubiyyətlərdən olan şəxslər ən yüksək pilləyə yüksəlib, amma qadın prezident olmayıb. 2016-cı ildə Hillari Klintonun prezidentlik üçün apardığı kampaniya bütün dünya üçün sınaq idi. Barak Obamanın ardınca Ağ Evə ilk qadın rəhbər gələcəkmi? Sonda məlum oldu ki, Amerika hələ də buna hazır deyil. Klintonun Donald Trampa məğlubiyyəti ABŞ siyasətinin nə qədər dərin köklü stereotiplərlə dolu olduğunu açıq şəkildə göstərdi".

Siyasi şərhçi deyib ki, ümumiyyətlə, dünyada qadın liderlər azdır: "Problemin kökündə bir neçə tendensiya dayanır. Bunlar sırasında ilk yerdə siyasi partiyalarda rəhbər postların əksəriyyətini kişilərin tutması qadınların yüksəlmə yolunu çətinləşdirməsidir. Qadının liderliyini emosional, riskli və qeyri-sabit hesab edən yanlış təsəvvürlər hələ də mövcuddur. Mətbuatda qadın namizədlərin şəxsi həyatı, görünüşü, xarakteri daha çox müzakirə edilir, siyasi bacarıqları isə kölgədə qalır. Qadınlar orduda, təhlükəsizlik orqanlarında, strateji postlarda daha az təmsil olunur. Bu isə onların liderlik profilinin formalaşmasına mane olur. Almaniya Angela Merkel kimi "dəmir ledi" yetişdirə bilibsə, Yeni Zelandiya gənc qadın baş nazir Jacinda Arderni dünya siyasətinə təqdim edibsə, Tayvan və Finlandiya qadın liderləri ilə çiçəklənibsə, deməli, problem qadınlarda deyil. Problem cəmiyyətin qəbulunda, sistemin strukturunda və siyasi ənənələrdədir".

Siyasi şərhçi hesab edir ki, ABŞ-də qadın liderin olması yaxın 4-8 ilin yox, bütün bir nəsil dəyişiminin məsələsidir: "Mişel Obamanın "Amerika hələ hazır deyil" deməsi əslində həm xəbərdarlıqdır, həm də etiraf. ABŞ demokratik ənənələrə malik olsa da, cəmiyyətin şüuraltı kodları hələ də ata-baba stereotipləri ilə yüklüdür. Bu da özünü ən ali siyasi mərhələdə göstərir. Amerikada demokratiya səviyyəsi yüksək olsa da, patriarxal reflekslər hələ də mövcuddur. Və bu reflekslər, əlbəttə ki, kişilərin psixologiyasından doğur. Qadın lideri qəbul edə bilməyən kişilər hələ çoxdur. Faktiki qadın lider üçün yol açıqdır. İnstitutlar, konstitusiya, mexanizmlər amma insanlar hələ öz stereotiplərini qoruyurlar. Hillari Klintonun 2016-cı ildəki mübarizəsi də bunu təsdiqləyir. Amma şüuraltı stereotiplər dəyişmir. ABŞ-nin güclü qadın lider yetişdirmək potensialı var, amma cəmiyyətin psixoloji infrastrukturunda çatışmazlıq hələ qalmaqdadır. Dünyada qadın liderlər az deyil, amma "demokratiyanın beşiyi" kimi təqdim olunan ölkələrdə patriarxal stereotiplər hələ də üstünlük təşkil edir. Hər şeyin mümkün olduğu ölkədə belə, qadın prezident hələ bir utopiyadır. ABŞ hazırda qadın prezident üçün bütün formal imkanlara malikdir, amma "qəbul etməyə hazır" olmamaq, demokratiyanın ən gözəl ironiyasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31