Danimarka: Aİ-nin genişlənməsi təhlükəsizlik üçün strateji prioritetdir – ÖZƏL
09:52 DünyaOlaylar.az xəbər verir ki, Danimarka Avropa işləri üzrə naziri Mari Byerre Aİ Şurasının iclası öncəsi verdiyi açıqlamada Avropa İttifaqının (Aİ) genişlənməsini Danimarkanın sədrliyinin strateji prioriteti adlandırıb.
Nazir Byerre qeyd edib ki, genişlənmə üçün hazırda yeni bir təkan yaranıb, çünki bu, "Avropanın təhlükəsizliyi və sabitliyi" ilə birbaşa əlaqəlidir.
"Biz genişlənmə istiqamətində irəliləməliyik və namizəd ölkələrə - ilk növbədə Ukrayna, Moldova və Balkan ölkələrinə Avropa perspektivi verməliyik," - deyə Byerre vurğulayıb.
Danimarka naziri Albaniya ilə sonuncu klasterin açılmasından məmnunluğunu bildirib və bütün klasterlərin hazırda açıq olduğunu söyləyib.
Nazir, Danimarkanın Moldova və Ukrayna ilə irəliləyiş əldə etməyi hədəflədiyini və texniki səviyyədə real addımlar atıldığını qeyd edib.
Mari Byerre Gürcüstanın hazırda Avropa yolunu seçmədiyini və gündən-günə Aİ-dən daha çox uzaqlaşdığını vurğulayaraq, bu ölkənin mövqeyindən təəssüfləndiyini dilə gətirib.
Yeni genişlənmə impulsunun bütün Avropa qitəsi üçün təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcəyi bildirilir.