Xaricdə seçki məntəqələrinin ləğvi geriyə addımdır – “Gürcü Arzusu” vətəndaşları siyasi prosesdən uzaqlaşdırır- ÖZƏL

"Xaricdə seçki məntəqələrinin açılması öhdəliyinin ləğvi son dərəcə geri addımdır. Bu qərarın əsl məqsədi hamıya məlumdur" - Olaylar.az xəbər verir ki, bunu "Ədalətli Seçkilər" təşkilatının keçmiş rəhbəri Nino Dolidze parlament sədri Şalva Papuaşvilinin açıqlamasına münasibət bildirərkən deyib. Papuaşvili bu gün keçirdiyi brifinqdə bildirib ki, yeni Seçki Məcəlləsinə əsasən, vətəndaşlar parlament seçkilərində də yalnız Gürcüstanın dövlət sərhədləri daxilində səs verə biləcəklər. Bu yanaşma yerli özünüidarəetmə seçkilərinə tətbiq olunan qaydanın eynisi olacaq. Nino Dolidzenin sözlərinə görə, bu addım "seçkilərin ümumiliyinə ziddir və hüquqi, həm də siyasi baxımdan ciddi şəkildə geriyə dönüşdür". O qeyd edib ki, "Gürcü Arzusu" bu qərarla faktiki olaraq ölkədən kənarda yaşayan minlərlə vətəndaşı ölkənin siyasi həyatından təcrid edir:
"Bu, 2024-cü ildə zəruri sayda seçki məntəqəsinin açılmamasının daha bir təsdiqidir. Hökumət məqsədyönlü şəkildə vətəndaşların ölkənin həyatında iştirak imkanlarını məhdudlaşdırır," - deyə o "Facebook"da yazıb.
Qeyd edək ki, "Gürcü Arzusu" hazırda yeni Seçki Məcəlləsi üzərində çalışır və sənəd tam şəkildə yenilənəcək. Bununla yanaşı, bu gün məlum olub ki, Antikorrupsiya Bürosu, Şəxsi Məlumatların Mühafizəsi Xidməti və Biznes Ombudsmanı institutu ləğv edilir. 2026-cı il yanvarın 1-dən etibarən Biznes Ombudsmanı Aparatı da fəaliyyətini dayandıracaq və onun funksiyaları İqtisadiyyat Nazirliyinə veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31