ABŞ Yaponiya bazasından “Tomahawk” buraxılış sistemlərini çıxarıb- ÖZƏL
17 Noyabr 2025 14:18 DünyaABŞ Silahlı Qüvvələri Yaponiya ərazisində yerləşən İvakuni dəniz piyada aviabazasından orta mənzilli "Tomahawk" qanadlı raketlərini buraxmaq üçün istifadə olunan mobil yerüstü Typhon sistemlərini çıxarıb. Olaylar.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Yaponiyanın Müdafiə Nazirliyi İvakuni şəhər administrasiyasını komplekslərin bazadan çıxarıldığı barədə rəsmən məlumatlandırıb. Qeyd olunur ki, ABŞ və Yaponiya arasında keçirilən "Resolute Dragon" hərbi təlimləri çərçivəsində bazaya gətirilən sistemlərin təlimlərin bitdiyi 25 sentyabrdan sonra çıxarılması planlaşdırılırdı. Lakin 10 noyabra qədər onların hələ də bazada qalması yerli ictimai təşkilatların ciddi narahatlığına səbəb olmuşdu. Onlar bu silahların ölkədə daimi yerləşdirilməsinin təhlükə yaratdığını bildirərək sistemlərin dərhal çıxarılmasını tələb edirdilər. Komplekslərin çıxarılmasının gecikmə səbəbləri açıqlanmayıb. Yerli analitiklər ehtimal edirlər ki, bu, ABŞ-da davam edən hökumət "shutdown"u ilə bağlı ola bilər.
Typhon sistemləri sentyabrda keçirilən genişmiqyaslı ABŞ-Yaponiya təlimləri zamanı İvakuni bazasında yerləşdirilmişdi. Bu komplekslər SM-6 tipli çoxfunksiyalı raketləri və 1 600 km mənzilli "Tomahawk" raketlərini buraxa bilir. ABŞ 2024-cü ildə Typhon sistemlərini müvəqqəti olaraq Şimali Filippinlərə də yerləşdirmişdi, lakin onlar hələ də oradan çıxarılmayıb. Çin və Rusiya bir neçə dəfə bu tip orta mənzilli silahların regionda yerləşdirilməsinin təhlükəli olduğunu bildirib. Sentyabrda Çin XİN-in rəsmisi Vaşinqton və Tokiodan Typhon komplekslərinin Şərqi Asiyadan dərhal çıxarılmasını tələb etmişdi.