Azərbaycan ilə Özbəkistan əlaqələri vəhdət modeli kimi möhkəmlənib- ÖZƏL

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, iki ölkə arasında formalaşmış müttəfiqlik münasibətlərinin mahiyyətini və strateji dərinliyini bir daha ortaya qoydu. Müsahibə təkcə hazırkı siyasi reallıqları deyil, həm də Türk dünyasında inteqrasiyanın gələcək konturlarını müəyyənləşdirən strateji baxışın ifadəsi kimi dəyərləndirilir. Dövlət başçısının açıqlamaları göstərir ki, Azərbaycan ilə Özbəkistan əlaqələri artıq klassik diplomatik çərçivəni aşaraq siyasi, iqtisadi və mənəvi vəhdət modeli kimi möhkəmlənib". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri Hidayət Səmədov deyib: "Prezident İlham Əliyev bu münasibətlərin əsasını ortaq tarix, mədəniyyət, dil və türk kimliyi kimi dəyərlərin təşkil etdiyini xüsusi vurğulayır. Azərbaycan-Özbəkistan münasibətlərinin "qarşılıqlı etimada və sarsılmaz dostluğa əsaslanan" model kimi xarakterizə olunması iki dövlətin regional proseslərdə eyni mövqedən çıxış etməsinin səbəblərini izah edir. Son illər ərzində siyasi dialoqun intensivliyi, qarşılıqlı dövlət səfərlərinin çoxalması və bütün sahələrdə əməkdaşlığın genişlənməsi bu dayanışmanın real nəticələrini nümayiş etdirir.

Müsahibədə iqtisadi əməkdaşlıqla bağlı təqdim olunan faktlar iki ölkə arasında iqtisadi inteqrasiyanın artan dinamizmini təsdiqləyir. 2025-ci ilin ilk 9 ayında 319 milyon dollarlıq ticarət dövriyyəsi, 500 milyon dollarlıq Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması, nəqliyyat-logistika sahəsində Orta Dəhlizin inkişafı bu əməkdaşlığın geoiqtisadi mahiyyətini daha da gücləndirir. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu, Ələt limanının genişləndirilməsi və Bakı-Tbilisi-Qars xəttinin imkanları Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışını daha da rahatlaşdırır.

Prezidnet İlham Əliyevin müsahibədə səsləndirdiyi mesajlar həm də onu göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri yalnız iki ölkəni deyil, bütün regionu əhatə edən strateji tərəfdaşlıq simvoluna çevrilib. Qarabağın yenidən qurulmasına Özbəkistanın verdiyi dəstək, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bu münasibətlərin qardaşlıq xarakterini daha da dərinləşdirir. Bütün bunlar Azərbaycan-Özbəkistan əlaqələrinin gələcəkdə daha geniş coğrafiyada əməkdaşlıq üçün güclü baza formalaşdırdığını göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31