BƏƏ Sudanda döyüşən tərəflərə silah göndərdiyi iddialarını təkzib edir- ÖZƏL

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sudandakı vətəndaş müharibəsində iştirak edən "Sürətli Reaksiya Qüvvələri"nə (SRQ) silah göndərdiyi barədə irəli sürülən ittihamları "qəti şəkildə" rədd edib. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri BƏƏ rəsmisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Sudan hakimiyyəti BƏƏ-ni "aqressor dövlət" elan edərək diplomatik münasibətləri kəsmişdi. Sudanlı general Yasir əl-Ətta bəyan etmişdi ki, BƏƏ ölkəni Afrika üzrə geosiyasi mübarizə mərkəzinə çevirmək, təbii sərvətlərə çıxış əldə etmək məqsədilə SRQ-yə maliyyə, silah və muzdlu döyüşçülər vasitəsilə dəstək göstərir. Onun sözlərinə görə, Əmirliklər beynəlxalq qurumlara təsir etməyə və bəzi dövlət rəhbərlərini loyallıq üçün satın almağa da çalışır.
BƏƏ rəsmisi isə bildirib ki, ölkənin SRQ-yə hansısa formada dəstək verməsinə dair heç bir sübut yoxdur və Əmirliklər silah ixracı ilə bağlı beynəlxalq hüququn tələblərinə uyğun "çox ciddi" nəzarət mexanizmi tətbiq edir. Sudanın Belçika və Aİ-dəki səfiri Əbdülbağı Kabeyr Politico-ya açıqlamasında iddia edib ki, BƏƏ Avropa İttifaqı ölkələrindən aldığı silahları Sudandakı döyüşən tərəflərə ötürür. O, Aİ-ni "ticarət balansını deyil, mənəvi prinsipləri üstün tutmağa" çağırıb və təşkilatın belə vəziyyətdə "çox xoşagəlməz durumda" qaldığını deyib.
Kabeyr eyni zamanda ümid etdiyini bildirib ki, Aİ tezliklə Sudan ordusuna qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq. Onun fikrincə, bu addım Avropa İttifaqı ilə Sudan arasında "daha konstruktiv əməkdaşlığa yol aça bilər". Aİ Komissiyasının nümayəndəsi Ənvar əl-Anuni isə Politico-ya açıqlamasında bildirib ki, Avropa İttifaqı Sudandakı münaqişənin sülh yolu ilə həlli üçün diplomatik alətlərdən, o cümlədən məhdudlaşdırıcı tədbirlərdən istifadə etməyə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31