Khmer Times: Tailand ordusu Kambocaya yeni hücum planlaşdırır- ÖZƏL
17 Noyabr 2025 09:29 DünyaOlaylar.az xəbər verir ki, Khmer Times qəzetinin məlumatına görə, Kambocanın təhlükəsizlik qurumları Tailand ordusunun sərhəd zonasına yeni hücum hazırladığı barədə xəbərdarlıq edib.
Məlumata əsasən, tailandlı hərbçilər 18 noyabr tarixində Poustat vilayətinin Tmar Da və Opluk Damrey bölgələrində əməliyyat keçirməyi planlaşdırırlar. Kambocanın rəsmi qurumları hazırda vəziyyəti diqqətlə izlədiklərini bildiriblər.
Hadisədən bir neçə gün əvvəl - 12 noyabrda tailandlı hərbçilər Bantey Miençey vilayətinin sərhəd kəndi Preyçanı atəşə tutmuşdu. Nəticədə bir kənd sakini həlak olmuş, üç nəfər isə ağır yaralanmışdı.
Sərhəddə gərginlik, Tailandın ötən ay ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış sülh bəyannaməsinin icrasını birtərəfli qaydada dayandırmasından bir gün sonra daha da artıb. Bangkok bu addımı sərhəddə patrul xidməti zamanı tailandlı hərbçilərin mina partlayışı nəticəsində yaralanması ilə əlaqələndirir və mina qurmaqda Kambocanı ittiham edir.
Pnompen isə bütün iddiaları rədd edərək, ölkənin piyada əleyhinə minaların qadağan olunmasını nəzərdə tutan Ottava Konvensiyasına ciddi şəkildə əməl etdiyini vurğulayıb.