Kaxa Kaladze: “Saxta xəbər yayıldı – sökülən bina kilsə ilə heç bir əlaqəsi yox idi”

Tbilisi şəhərinin meri Kaxa Kaladze sosial şəbəkədə yaydığı videomüraciətdə Afrikanın yaşayış massivində guya tikilməkdə olan kilsənin meriya tərəfindən söküldüyü barədə yayılan məlumatları təkzib edib. O bildirib ki, söhbət kilsədən yox, bir neçə ay əvvəl qanunsuz şəkildə inşa edilmiş kiçik ölçülü binadan gedir.
Olaylar.az xəbər verir ki, Kaladzenin sözlərinə görə, "TV Pirveli" telekanalı tərəfindən tirajlanan iddialar "saxta xəbər və dezinformasiya"dır:
"Dəfələrlə demişəm ki, cəmiyyəti çaşdıran saxta məlumatlar təhlükəli tendensiyadır. Dünən telekanal tamaşaçıya daha bir 'feyk nyus' təqdim etdi - guya 14 ildir tikilməkdə olan kilsəni sökmüşük. Halbuki sökülən tikilinin kilsə ilə əlaqəsi yox idi."
Mer bildirib ki, Tbilisidə kilsə tikintisi planlaşdırıldıqda, Patriarxlıq hər zaman əvvəlcədən meriya ilə əlaqə saxlayır:
"Bizim üçün mümkün deyil ki, kilsə tikintisinə qarşı çıxaq. Tbilisidə heç vaxt kilsə tikintisinə meriya ilə razılaşmadan başlanmayıb. Əgər hər hansı yaşayış məntəqəsində kilsəyə ehtiyac olsa, biz layihənin təsdiqlənməsini tam dəstəkləyəcəyik."
Onun sözlərinə görə, sözügedən tikili bir neçə ay əvvəl qanunsuz olaraq inşa olunub və bələdiyyə inspeksiyası tərəfindən əvvəlcədən xəbərdarlıq edilsə də, tikinti dayandırılmayıb. Buna görə də bina qanun çərçivəsində sökülüb.
Kaladze media qurumlarını məsuliyyətli olmağa çağırıb:
"Cəmiyyət özü nəticə çıxara bilər. Media, əgər öz tamaşaçısına hörmət edirsə, dezinformasiya yaymamalıdır. Bələdiyyə inspeksiyası bundan sonra da qanunsuz tikililərlə bağlı tədbirləri davam etdirəcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31