Tramp Tailand–Kamboca gərginliyinin azaldılmasına dəstək verəcəyini bildirib- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Tailandın Baş naziri Anutxin Çanvirokunla telefon danışığı zamanı Tailand-Kamboca sərhədindəki gərginlik fonunda iki ölkə arasında sülh prosesinin irəliləməsinə yardım göstərəcəyini vəd edib. Olaylar.az xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Çanvirokun söhbət zamanı ölkəsinin sülhə sadiq olduğunu, lakin Kambocanın sərhəddəki vəziyyətin kəskinləşməsinə görə məsuliyyət daşıdığını vurğulayıb. O deyib ki, Bangkok "suverenliyini qorumaq üçün zəruri addımlar atmaq hüququnu özündə saxlayır". Tramp isə Tailandın mövqeyini başa düşdüyünü bildirib və məsələnin Kamboca ilə müzakirəsində yardım etməyə hazır olduğunu qeyd edib. O əlavə edib ki, ABŞ və Malayziya hər iki tərəfi dəstəkləməyə və sülh prosesinin irəliləməsinə kömək etməyə hazırdır. Bununla yanaşı, o, iki ölkə arasındakı problemlərə birbaşa müdaxilə etmək niyyətində olmadığını vurğulayıb.
Trampla danışıqlardan sonra Çanvirokun Malayziyanın Baş naziri Anvar İbrahimlə də telefon əlaqəsi saxlayaraq ABŞ prezidentilə dialoqun detallarını bölüşüb.
Tailand Xarici İşlər Nazirliyi daha əvvəl Kambocanı birgə imzalanmış "sülh" deklarasiyasının şərtlərini pozmaqda ittiham etmişdi. Məlumata görə, Kamboca Tailand ərazisində piyada əleyhinə minalar yerləşdirib və noyabrın 9-da həmin minalar Tailand hərbçilərinin yaralanmasına səbəb olub. Həmçinin noyabrın 12-də sərhəddə baş vermiş atışma üçün də məsuliyyət Pnompenin üzərinə qoyulub.
Xatırladaq ki, Kamboca və Tailandın baş nazirləri Hun Manet və Anutxin Çanvirokun oktyabr ayında ABŞ prezidentinin iştirakı ilə ASEAN-ın 47-ci sammiti çərçivəsində birgə deklarasiya imzalamışdılar. Sənəddə tərəflər gərginliyin azaldılması, etimadın bərpası və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi öhdəliyini təsdiqləmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31