Mirziyoyev Tokayevi Özbəkistanın ali dövlət ordeni ilə təltif etdi- ÖZƏL
12:32 DünyaÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi ölkənin ən yüksək dövlət mükafatı - "Oliy Daracalı Do'stlik" (Ali Dərəcəli Dostluq) ordeni ilə təltif edib. Olaylar.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ordeni təqdim edərkən Mirziyoyev Tokayevin iki ölkə arasında dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə verdiyi böyük şəxsi töhfələri xüsusi vurğulayıb. Qeyd edilib ki, qarşılıqlı səylər nəticəsində Özbəkistan-Qazaxıstan münasibətləri misilsiz dinamika qazanaraq nümunəvi xarakter alıb.
Mətbuat xidmətinin məlumatında dövlət strukturları, iş adamları, ictimaiyyət və gənclər arasında fəal əməkdaşlıq, humanitar və mədəni mübadilələrin genişlənməsi, ticarət dövriyyəsinin artması, eləcə də sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi xüsusi qeyd olunur.
Həmçinin Tokayevin qlobal miqyasda sülh və dayanıqlı inkişaf ideyalarının irəlilədilməsinə, regionda etimad və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə verdiyi töhfələr vurğulanıb.
Qeyd edək ki, tərəflər ümumi dəyəri 8 milyard dollardan çox olan birgə layihələr portfeli hazırlayıb. Bu ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb; hədəf 2030-cu ilə qədər bu rəqəmi 10 milyard dollara yüksəltməkdir. Tokayev hazırda dövlət səfəri çərçivəsində Özbəkistanda səfərdədir və Mərkəzi Asiya dövlət başçılarının Azərbaycan iştirakı ilə keçiriləcək yeddinci Məşvərətçi Görüşündə də iştirak edəcək.