“Dəyişiklik Koalisiyası” Qərbə müraciət etdi: İvanişvili və Kobaxidzeyə qarşı sanksiyalar tələb olunur- ÖZƏL
12:04 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanda "Dəyişiklik Koalisiyası" beynəlxalq tərəfdaşlara - Avropa İttifaqına, Böyük Britaniyaya və ABŞ-a açıq məktubla müraciət edərək, ölkədəki siyasi vəziyyətə görə qəti addımlar atmağa çağırıb. Koalisiya Bidzina İvanişvili, baş nazir kimi tanınan İrakli Kobaxidze və digər rəsmi şəxslərə qarşı şəxsi sanksiyaların tətbiqini, eləcə də ABŞ Senatı tərəfindən "MEGOBARI Aktı"nın qəbul edilməsini tələb edir.
Açıq məktubda qeyd olunur ki, Gürcüstan təkcə daxili siyasi böhranla deyil, həm də demokratik dünya üçün "çox ağır mənəvi sınaqla" üz-üzədir. Koalisiyanın bildirdiyinə görə, hakimiyyət ölkənin pro-Avropa qüvvələrini "dövlətə qarşı sabotajda" ittiham edir və təhlükəsizlik xidməti, prokurorluq və DİN son günlərdə əsas müxalif liderlərə qarşı cinayət işləri açmağa başlayıb.
Koalisiyanın iddiasına görə, bu proses "suverenliyin müdafiəsi" kimi təqdim olunsa da, əslində Gürcüstanın Avropaya inteqrasiyasına qarşı hücumdur. Onların sözlərinə görə, "Gürcü Arzusu" hakimiyyəti "Akhali", Vahid Milli Hərəkat və "Lelo" kimi əsas qərbyönlü siyasi qüvvələri qadağan etməyə cəhd göstərir, dövlət institutları isə "rus oliqarxı İvanişvilinin əlində repressiya alətinə" çevrilib.
Məktubda Qərbə aşağıdakı çağırışlar edilir:" İvanişviliyə, Kobaxidzeyə və siyasi repressiyalara cavabdeh olan digər rəsmi şəxslərə qarşı şəxsi sanksiyalar tətbiqi,
ABŞ Senatında MEGOBARI Aktının qəbulu - Gürcüstan xalqının Avropa və Avroatlantik istəklərinə dəstək siqnalı kimi, siyasi məhbuslar azad olunana, repressiyalar dayanana və konstitusion nizam bərpa olunana qədər hökumətlə bütün siyasi və maliyyə əməkdaşlığının dayandırılması, Gürcüstanın demokratik müxalifətinin, vətəndaş cəmiyyətinin və prezident Salome Zurabişvilinin ölkənin Avropa iradəsinin legitim təmsilçiləri kimi tanınması.
Açıq məktubda deyilir ki, Gürcüstanın yeri Avropadır, lakin Avropa "Rusiyanın idarə etdiyi bir avtoritar rejimə qapı aça bilməz". Koalisiya hesab edir ki, bu gün Tbilisidə baş verənlər sabah regionun taleyinə təsir göstərə bilər.
Sonda Qərb tərəfdaşlarına "dostluğa, həmrəyliyə və gürcü xalqının yanında durmaq cəsarətinə görə" təşəkkür ifadə edilir.