Rumıniya: Ukraynadakı rumınlar ana dillərində təhsil almalıdır- ÖZƏL
11:30 DünyaRumıniya Xarici İşlər Nazirliyi Ukraynada aparılan təhsil islahatlarının ölkədə yaşayan rumın icmasının ana dilində təhsil almaq hüquqlarını təmin etməsinin vacibliyini vurğulayıb. Olaylar.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Toiu 14 noyabr tarixində ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığı zamanı bildirib. Söhbət zamanı Çernovtsidəki rumın dilli liseylərin vəziyyəti müzakirə olunub.
Nazir X sosial şəbəkəsində yazıb:
"Vurğuladım ki, Rumıniya Ukraynada həyata keçirilən təhsil islahatlarının icrasına xüsusi diqqət yetirir və əsas tələbimiz - rumın dilli icmanın ana dilində təhsilə çıxışının qorunmasıdır". Oana Toiu əlavə edib ki, islahatlar rumın azlığının ana dilində təhsil ala bilməsi üçün "zəruri və adekvat imkanlar" yaratmalıdır: "Onlar öz milli kimliklərinin qorunmasını tam haqlı olaraq gözləyirlər".
Rumıniya mediasının məlumatına görə, Digi24 telekanalı 23 oktyabrda bildirib ki, Ukrayna hakimiyyəti 2027-ci ilin əvvəlinə qədər Çernovtsi vilayətində rumın dilində tədris aparan 16 liseyin bağlanmasına qərar verib. Hazırda bölgədə 20 belə lisey fəaliyyət göstərir. 1 yanvar 2027-ci ilədək onların sayı cəmi dördə endiriləcək.