Gürcüstanda polis əməkdaşlarının sosial təminatları artırılır: ölüm və xəsarət hallarında kompensasiyalar yüksəldilir- ÖZƏL
11:02 DünyaGürcüstan Daxili İşlər Nazirliyi polis əməkdaşlarının sosial təminatlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını nəzərdə tutan qanun layihəsini Parlamentə təqdim edib. Olaylar.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, dəyişikliklər "Polis haqqında" qanuna əlavə olunacaq və xidməti vəzifələrin icrası zamanı xəsarət alan və ya həlak olan əməkdaşların sosial müdafiəsini gücləndirəcək.
Layihəyə əsasən, xidməti vəzifəsini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının ailələrinə verilən birdəfəlik kompensasiya iki dəfə artırılır - əvvəlki 15 000 lari əvəzinə 30 000 lari ödəniləcək. Dəfn xərcləri üçün nəzərdə tutulan vəsait də 500 laridən 2 000 lariyə qaldırılır. Xəsarət alan polis əməkdaşları üçün də birdəfəlik maddi yardımın məbləği artırılır. Belə ki, ağır xəsarət zamanı 7 000 lari əvəzinə 20 000 lari,
nisbətən ağır xəsarət zamanı 4 000 lari əvəzinə 15 000 lari, yüngül xəsarət zamanı isə 2 000 lari əvəzinə 10 000 lari ödəniləcək.
Qanun layihəsi həmçinin sağlamlıq vəziyyəti ilə bağlı ödənişli məzuniyyətin tətbiqini nəzərdə tutur. Xidməti icra zamanı xəsarət alan əməkdaşlara 1 il müddətində ödənişli məzuniyyət veriləcək və bu müddətdə onların tibbi müalicəsi, reabilitasiyası, ehtiyac olduqda daşınması və digər əlaqəli xərclər tam şəkildə qarşılanacaq. Məzuniyyət müddəti xüsusi komissiyanın qərarı ilə uzadıla bilər.
Sağlamlıq problemi xidməti vəzifə ilə əlaqəli olmayan hallarda isə əməkdaşlara 4 aya qədər ödənişli məzuniyyət veriləcək və bu müddət də tibbi arayış əsasında uzadıla bilər.
Nazirliyin məlumatına görə, sosial təminatlar yalnız polis əməkdaşlarına deyil, onların ailə üzvlərinə və həmçinin əmək qabiliyyətini itirdiyi üçün sistemdən uzaqlaşdırılmış şəxslərə də şamil oluna bilər. Tibbi xərclərin maliyyələşdirilməsi və digər maddi yardımlarla bağlı mexanizmlər isə ayrıca nazir əmri ilə təsbit ediləcək.
Bənzər dəyişikliklər "Vətəndaş təhlükəsizliyi haqqında" qanuna da daxil ediləcək ki, mətndə qeyd olunan təminatlardan yanğınsöndürən-xilasedicilər də yararlana bilsin.