Yaponiya nüvə silahı ilə bağlı mövqeyini dəyişməyə hazırlaşır

Yaponiyanın Baş naziri Sanae Takaiçi, lideri olduğu hakim Liberal Demokrat Partiyası (LDP) daxilində nüvə silahı ilə bağlı yeni strategiyaya dair müzakirələr başlatmağa hazırlaşır. 

Olaylar.az xəbər verir ki, məlumatı "Mainichi" qəzeti yayıb. 

Bildirilir ki, söhbət mövcud üç qeyri-nüvə prinsipinin - Yaponiya torpağında nüvə silahına sahib olmamaq, istehsal etməmək və ya yerləşdirməmək prinsipinin yenidən nəzərdən keçirilməsindən gedir.

Qəzetin məlumatına görə, Takaiçi bu üç prinsipin yenidən nəzərdən keçirilməsini dəstəkləyir, çünki o, hesab edir ki, ölkədə nüvə silahının yerləşdirilməsinə qoyulan qadağa faktiki olaraq Yaponiyanın təhlükəsizliyini təmin edən ABŞ-ın çəkindirici və müdafiə potensialına mənfi təsir göstərir. Qeyd olunur ki, LDP-nin yeni koalisiya tərəfdaşı olan Yaponiya Yenilənmə Cəmiyyəti də müzakirəyə qoşulacaq.

Daha əvvəl, Yaponiya Parlamentindəki debatlar zamanı Takaiçi Yaponiyanın üç qeyri-nüvə prinsipinə riayət etməyə davam edib-etməyəcəyi ilə bağlı suala cavab verməmişdi. Bu mövzuda müxalifətin suallarını cavablandıran Yaponiyanın ilk qadın baş naziri qeyd edib ki, "indi bu məsələ ilə bağlı hər hansı bir açıqlama verməyin vaxtı deyil", çünki hökumət milli təhlükəsizlik strategiyası da daxil olmaqla, ölkənin fundamental müdafiə sənədlərini yenidən nəzərdən keçirməyə təzə

Qeyd edək ki, 2022-ci ildə Yaponiya hökuməti yeni milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Sənəd Yaponiyanın potensial düşmənin ərazisindəki hədəflərə qarşı əks-hücumlar etmək hüququnu nəzərdə tutur. Eyni zamanda sənəddə qabaqlayıcı zərbələrin qadağan edildiyi vurğulanır. Strategiyada həmçinin NATO modelinə uyğun olaraq 2027-ci ilə qədər hərbi xərclərin ÜDM-in 2 faizinə qədər artırılması tələb olunur, lakin Takaiçi artıq bu məqsədə vaxtından əvvəl nail olacağına söz verib. İkinci zərbə qabiliyyətinə sahib olmaq üçün Yaponiya hökuməti mövcud Tip-12 raketlərinin mənzilini artırmağı, özünün hipersəs silahlarını hazırlamağı və Amerika Tomahawk qanadlı raketlərini almağı planlaşdırır. Baş nazir seçildikdən dərhal sonra Sanae Takaiçi dünyada və Yaponiyanı əhatə edən regionda ağır təhlükəsizlik vəziyyətini əsas gətirərək milli təhlükəsizlik strategiyası da daxil olmaqla əsas təhlükəsizlik sənədlərinə yenidən baxılmasını tapşırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31